Bu gün:


Ovannisyan haqlı çıxdı: Erməni tankları Bakıdadır

Tarix: 10.12.2020 / 12:10  •   Oxundu: 128 dəfə  •  

Yəqin ki, heç bir müharibədə heç bir dövlət özünü bu qədər rüsvay etməmişdi. Ermənistanı deyirəm. Müharibə boyu yalan, məntiqsiz, gülünc yalanlarla öz ictimaiyyətini aldadan erməni rəsmiləri bunu savaşdan əvvəl də edirdi.
Məsələn, Tonoyanın “yeni müharibə və yeni ərazislər” tezisi. Paşinyanın təhdid ritorikası, ondan lap əvvəl Sərkisyanın, Köçəryanın, Ter-Petrosyanın, zir-zibilyanın işğalı davam etdirmək niyyətləri, bizə yuxarıdan aşağı baxmaları və s.
Ortada bir fakt var idi: Ermənistan ölkə olaraq daim bizi təhdid edirdi. Tovuz döyüşlərindən sonra heç bir ərazi dəyişikliyi olmamasına baxmayaraq, ermənilər sosial şəbəkələrdə bu savaşı öz qələbələri kimi qeyd edirdilər.
Təbii, bundan həvəslənən erməni rəsmiləri təhdidlərin dozasını artırırdı.
Bu təhdidlərin sırasında ən “möhtəşəm” və dəqiq fikri Ermənistan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Artsrun Ovannisyan demişdi: “Müharibə başlasa, tanklarımız Bakıya gələcək”.
Ovannisyan əmin idi ki, müharibə başlayacağı təqdirdə Ermənistan ordusu (artıq mövcud deyil) digər rayonlarımızı da işğal edə-edə Bakıya gəlib çatacaq. Və erməni tankları Bakıya girəcək.
Elə də oldu. Bu gün erməni tankları Bakıya girdi. Amma “əsir” kimi, Şanlı Ordumuzun zəfərinin göstəricisi kimi.
Ümumiyyətlə, Ovannisyanı “Ermənistanın Vanqası” adlandırmaq olar. Bu adam müharibə boyu nə dedisə, oldu. Məsələn, deyirdi ki, Azərbaycan əsgərləri Hadrutda foto çəkdirmək istəyirlər. Həqiqətən də əsgərlərimiz oranı azad edib foto çəkdirdilər. Şuşada və digər ərazilərimizdə də belə oldu.
Bu gün biz bir daha gördük ki, Ovannisyan öz proqnozlarında nə qədər haqlıdır.
Bütün erməni ictimaiyyətinə bax belə haqlı çıxmağı arzu edirəm.
Zəfər Paradımız mübarək!