Bu gün:


Şəhidimizin qardaşı: “Əsgərini qorumaq üçün onun üzərinə atılıb”

Tarix: 14.12.2020 / 16:27  •   Oxundu: 184 dəfə  •  

Vətən Müharibəsinin şəhid qəhrəmanlarından biri də Abdullayev Qəzənfər Nəcəf oğludur. Əsgərlərinin həyatlarını xilas edərək şəhidlik zirvəsinə ucalan kiçik çavuş Qəzənfər Abdullayevin əsgərlərinə dediyi son söz hələ çox qulaqlarda qalacaq.
“Mən yaşadığımı yaşamışam, siz cavansınız” - deyərək əsgərlərini qorumaq üçün onların üzərinə atılan şəhidimizin qardaşı deyir ki, əsgər yoldaşları Qəzənfərin mərdliyindən danışır.
Şəhidin qardaşı Sahib Abdullayev deyir ki, Qəzənfər Abdullayev müharibənin ilk günlərindən ön cəbhədə olub:
Qardaşım kiçik çavuş idi, top heyətinin komandiri kimi döyüşüb. Onların taboru döyüşlərə Kəlbəcər istiqamətində başlayıb. Onları Daşkəsəndən Kəlbəcər istiqamətinə təyin etmişdilər ki, əmrə müvafiq olaraq top atəşi olacaq. Döyüşlər gedib, düşmənin canlı qüvvəsi, texnikası məhv edilib. Bir neçə dəqiqə sakitlik olub.
Bir anda düşmən onların mövqelərini artilleriya atəşinə tutub. Mövqelərdə dayanmaq mümkün olmayıb. Əmr gəlib ki, təcili sığınacaqlara girsinlər. Qardaşım əsgərlərinə təlimat verib ki, hər kəs müdafiə olunsun. Sonuncu əsgər sığınacağa girən zaman mərmi atılıb. Qardaşım əsgərlərə deyib ki, “Siz cavansız, mən yaşadığımı yaşamışam. Tez keçin içəri”. Özünü atıb sonuncu əsgərin üzərinə ki, ona heç nə olmasın”.
Sığınacağın girişində üzərinə mərmi düşən şəhidimiz əsgərini xilas edərək, ağır yaralanır. Qardaşı deyir ki, Qəzənfərin yaralanma xəbərini ilk o alıb:
“Hərbidə olan bir yoldaş eşidib, mənə zəng etmişdi. Dedi ki, bəs narahat olma, amma Qəzənfər yaralanıb. Yerini öyrənib, qardaşımın yanına getdim. Ailəmizə əmimlə birlikdə dedim. Qardaşımı Gəncədəki klinikaya gətirdilər. 18 gün ağır vəziyyətdə xəstəxanada yatdı. Qəzənfərin bədənindən 50 qəlpə çıxardılar.
Həkimlər onu həyatda saxlamaq üçün çox çalışdılar. Yarası ağır olduğu üçün qardaşımın böyrəyinin birini çıxardılar. Orqanlarından qaraciyərinin yarısını götürdülər, ağciyərini, dalağını, bağırsaqlarının böyük hissəsini götürdülər. Reanimasiya şəraitində saxlayırdılar. Vəziyyəti stabil idi. Bir anda hər şey dəyişdi”.
Narahat olmayın, hər şey yaxşı olacaq” - deyib, gözlərini yumdu qardaşım”
Şəhid Q.Abdullayev son anda sanki əzizlərini görə bilməyəcəyini hiss edib və onlar üçün video çəkib:
“Qardaşımı çox görə bilmirdik, həkimlər icazə vermirdi. Həkimlər rentgen üçün şöbəyə aparan zaman halı pisləşib. Təcili müdaxilə etsələr də, xilas edə bilmədilər. Bir böyrəyi qalmışdı, onun da fəaliyyəti anidən dayandı.Şəhid kiçik çavuş Qəzənfər Abdullayevin Vətənə əmanət 3 yaşlı oğlan övladı qalıb.