Bu gün:


Düşmənin viran qoyduğu, 27 il əsarətdə qalan Qubadlıdan

Tarix: 29.12.2020 / 12:18  •   Oxundu: 134 dəfə  •  

İllər əvvəl, daha dəqiq desək, 27 il bundan öncə ermənilər Azərbaycan torpaqlarında vandalizm aktı törətdi.
Azərbaycanın dilbər guşələrində həmvətənlərimizin öz zəhmətləri ilə yaratdıqları evləri, körpüləri, yolları dağıtdılar, hətta mədəniyyət abidələrini məhv etdilər. 

Düşmənin viran qoyduğu, uca dağları, sərin bulaqları, sıx meşələri, bərəkətli torpaqları ilə tanınan, Zəngəzur mahalının tarixi yaşayış məskəni olan Qubadlı…
Qubadlı 1993-cü il avqustun 31-də işğal olunmuşdu.
Düşmən bu torpaqlarda o qədər amansızlıqlar törədib ki, bir sözlə daşı-daş üstündə qoymayıblar.
Bu rayonun əhalisini doğma torpaqlarından didərgin salan düşmən onlara evdən çıxmağa belə zaman verməmişdi. 

Bütün bunları Qubadlının işğal edildiyi gün orada olmuş kimi yazmağıma təəccüblənməyin, köhnə görüntülərə baxdıqca insanın ürəyi parçalanır...
Görünür ki, düşmən illər əvvəl dədə-baba ocaqlarımızı söküb, son daşına qədər aparıb. Qubadlı həqiqətən də viran qalıb.
Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin, Kərəm Mirzəyevin doğulduğu Qubadlı Ermənistanın iki rayonu ilə (Qafan və Gorus) həmsərhəddir.
Azərbaycan Ordusu öz torpaqlarını düşmən tapdağından azad etdi. Bu torpaqlara yenidən həyat qayıdacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına geri dönəcək.

Gördüyümüz bu viran ərazilərdə yenə isti ocaqlar tikiləcək, evlərdən uşaq səsləri eşidiləcək. Kol-kos basmış bu yollarda yaşıllıqlar, meyvə ağacları, rəngbərəng ətirli güllər olacaq. 
Çox az qalıb...
 
Daha heç kim öz doğulduğu rayona, kəndə köhnə fotolardan, videolardan baxaraq, köks ötürməyəcək. Artıq o torpaqlar azad edilib. Qarabağın qara günləri geridə qaldı.
İrəlidə bizi çox da fərqli, işıqlı, xoşbəxt günlər gözləyir...
Xoş gördük, əziz Vətən...