Bu gün:


İndi Ayvazyanın hünəri var gəlsin Xankəndinə!

Tarix: 09.01.2021 / 14:56  •   Oxundu: 242 dəfə  •  

Daha bir qürurverici xəbər: erməni işğalından azad olunmuş Hadrut (Ağaoğlan) küçələrinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adı verilib! İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən quraşdırılan adları oxuyuruq: Mir Mehdi Xəzani küçəsi, Koroğlu küçəsi... Nə gözəl xəbərdir, nə gözəl adlardır! Şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza minnətdarlıq hissimiz bitib-tükənməzdir...

Düzdür, torpaqlarımızın işğalda olduğu illərdə hər birimizin köksündə dərin bir nisgil, ağrı var idi, həsrətindəydik bu günün. Amma etiraf edək ki, keçən il bu vaxt ağlımıza gəlməzdi ki, çox keçməyəcək Azərbaycan əsgərinin azad etdiyi Hadrutun küçələrində adqoyma mərasimi keçiriləcək.

Müharibədən sonrakı günlərdə sosial şəbəkələrdə Xankəndi, Xocavənd, Xocalı müzakirələri çox getdi. Xüsusilə də Ermənistandan Xankəndi şəhərinə sərbəst gəliş-gedişlərin olması, Ermənistanın xarici işlər nazirinin Qarabağa icazəsiz səfəri qəzəblə qarşılandı. Amma Azərbaycan Prezidenti  özünün dediyi kimi, bir müddət səbr etdikdən sonra sözünü dedi, sonuncu dəfə xəbərdarlıq etdi. Sitat: “Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq!”

İndi Ayvazyanın hünəri var gəlsin Xankəndinə! Azərbaycan Prezidenti bundan əvvəlki dönəmlərdə də düşmənə xəbərdarlıqlar etmişdi, səsinin tonunu qaldırmadan, sakit tərzdə...Nəticəsini bütün dünya gördü. Müharibədən 3 gün qabaq BMT Baş Assambleyası çərçivəsində keçirilən müzakirələrdə Ermənistanı və havadarlarını xəbərdar etmişdi. Eşitmədilər, cavabını aldılar.

Şübhə etmirik ki, tezliklə Azərbaycan bayrağı Xankəndi daxil, digər şəhər və kəndlərimizdə də dalğalanacaq. Sülhyaratma məramı ilə bölgəyə gələnlər də dövlət başçımızın xəbərdarlıqlarını diqqətlə dinləsinlər və “qırmızı xətt”i keçməsinlər! Onların hətta humanitar fəaliyyətlə məşğul olmalarına belə göz yumulursa, sui-istifadəyə son qoysunlar! Yoxsa az qala hesab edirlər ki, onları Qarabağa İrəvandan Xankəndinə erməni daşımaq üçün dəvət ediblər. Hər gün hesablayırlar: son rəqəm 47 800 idi. Prezident xəbərdar edib, Qarabağda ermənilərin sayı uzağı 60-65 min olmalıdır, sülhməramlı buraya süni məskunlaşma siyasəti həyata keçirmək üçün gəlməyib!

Cəmiyyət olaraq əminliyimiz var ki, bütün bu narahatlıqlar da aradan qaldırılacaq - dövlətimizin, onun rəhbərinin iradəsi, qətiyyəti sayəsində. Azərbaycanın Konstitusiyasını qəbul edən ermənilər də digər vətəndaşlar kimi normal, rahat yaşamaq hüququ əldə edəcək. Təbii ki, Azərbaycana qarşı cinayət etmədiyi isbat olunduğu halda. İndilikdə isə möhtəşəm proses gedir.

Baxın, Azərbaycan əsgəri Qafan aeroportunun 1 km-liyində qərar tutub! Aeroport əsgərimizin “ovcunun içində”dir. Ermənilər havalanıblar, axı, onlar Xocalı aeroportunun “ilk sərnişini” olmaq üstündə mübahisə edirdilər. Bu günsə deyirlər hələlik Qafan aeroportunun fəaliyyəti dayanıb. Ermənilər 30 illik işğal dönəmində Xocalı aeroportunu işə sala bilmədi, Azərbaycansa nəinki Xocalı aeroportuna nəzarət edir, üstəlik, Füzulidə beynəlxalq hava limanının tikintisinə hazırlıq gedir, Laçın və ya Kəlbəcərdə aeroport planı var. Ermənilərin darmadağın etdiklərini Azərbaycan qısa zamanda qurub-yaratmaq əzmindədir!

Amma ötənlərin hesabı olacaq, dövlət başçısı da bildirdi. Hər bir evin zərəri ödənməlidir. Ermənistanın pulu-parası yoxdur? Cəhənnəmə! Məsələn, ilkin mərhələdə Qafan+Gorus+Mehrini qaytarsın, sonra Qarakilsəni (Sisian). Bu da olsun 3+1 planı. Şəxsən mən çox istərdim ki, mərhum prezidentin ata-baba yurdu - Qarakilsənin Comərdli kəndi Ermənistanın işğalından azad edilsin. Niyə də olmasın? Tarixi yurd yerlərimiz deyilmi? Düşmən tarix boyu anlaşmaları pozub, cəzasını almalıdır!

Biz hələ 1918-ci ildə güzəşt edilən İrəvan mahalına iddia etmirik, o qədər də insafsız deyilik. 1920-ci ildə zorla əlimizdən alınan Dərələyəzi, Dilicanı qaytarsın təzminatın müqabilində. Özü də Azərbaycan Demokratik Respublikasının ərazisi kimi (114 min kv.km.) Paris Sülh Konfransı tərəfindən tanınıb bu torpaqlar. Üstəlik, Ermənistan beynəlxalq hüququ pozub, Azərbaycana yüz milyardlarla ziyan vurub, qəhrəman oğullarımız şəhid olub, sağlamlığını itirib. Elə bir zərbə almalıdır ki, bir də ağlından keçirməsin xam xəyalları...

Azərbaycanın rəsmi qurumu Hadrut küçələrinə ad qoyduğu saatlarda ermənilər Hadrut yolunun üstündən meyit toplayırdılar. 8 yanvarda daha 6 meyit tapdılar. Adam balası kimi yaşaya bilərdilər, hətta Koroğlu küçəsində də. Ancaq özlərindən küssünlər, istəmədilər...