Bu gün:


Mövlud Çavuşoğlu: “Uzunmüddətli sülh üçün real şans yaranıb”

Tarix: 14.01.2021 / 13:20  •   Oxundu: 125 dəfə  •  

Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqları bərpa etmək üçün səylərini dəstəkləyəcək, həmçinin Dağlıq Qarabağda atəşkəsin monitorinqində iştirak edəcək.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Medya” nəşrinə müsahibəsi zamanı deyib.

Türkiyə XİN rəhbəri Ermənistanın demək olar ki, 30 il müddətində beynəlxalq hüquq normalarına nümayişkar şəkildə məhəl qoymadığını və Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini xatırladıb.

“Ermənistan tərəfinin təcavüzkar fəaliyyətlərinə və hücumlarına baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqları üzərində nəzarəti bərpa edə bildi. Bakı üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonu geri qaytardı. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına şərait yaradan atəşkəs rejimi təmin edildi”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanat əsasən Minsk prosesi çərçivəsində illərdir irəli sürülən ideya və prinsipləri əks etdirir.

“ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər. Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, - deyə M.Çavuşoğlu bildirib.
Türkiyəli nazir bu gün regionda uzunmüddətli sülh üçün real şansın meydana gəldiyini vurğulayıb.

“Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzi yaradıb. Atəşkəs çox vacib bir komponentdir və saxlanılmalıdır. Biz Ermənistan tərəfindən razılaşmaların şərtlərinə əməl etməsini gözləyirik. İrəvan özbaşına yeni sərgüzəştlər axtarmamalı və Azərbaycanın bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində Bakının suverenliyinin tanınması nəzərə alınmaqla, uzunmüddətli siyasi tənzimlənməni təmin etmək səylərini dəstəkləməlidir”, - deyə nazir qeyd edib.

M.Çavuşoğlu vurğulayıb ki, əgər üçtərəfli bəyanat təsirli olarsa və Azərbaycanla Ermənistan arasındakı dialoq yoluna qoyularsa, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də müsbət təsir göstərəcəkdir.

“Bölgədəki sabitlik həmçinin erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi qəbul edirik. Buna görə də Azərbaycanın regionda altıtərəfli əməkdaşlıq platforması yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülhə müsbət təsir göstərəcək, regionun bütün sakinlərinin rifah halını yüksəldəcək”, -deyə türkiyəli nazir əminliyini ifadə edib.