Bu gün:


Günnüt əməliyyatının tək qəhrəman şəhidi

Tarix: 28.01.2021 / 13:01  •   Oxundu: 195 dəfə  •  

Adil Tatarov 1999-cu ilin bu günü, yəni 28 yanvarda Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb. O, Naxçıvan Muxtar Respublikasında əsgəri xidmətinə başlayıb.

2018-ci il mayın 20-dən 27-nə qədər Azərbaycan  Ermənistan ordusu arasında baş verən döyüşdə  Əlahiddə  Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində ümumi olaraq 11,000 hektar ərazi düşməndən azad olunub. Əməliyyat həm də Azərbaycan Ordusunun İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. 

Həmin döyüşdə ordumuzun əsgəri Adil Əli oğlu Tatarov qəhrəmancasına şəhid olub. Dörd bacının tək qardaşı olan Adil doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Adil Tatarov ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib. 

Şəhidimizin əmisi Ramiz Tatarov Adilin həmişə xatırlandığını bildirib:

“Adil Günnüt əməliyyatının tək şəhididir. Onu hamı yaxşı tanıyır. Bu gün Adilin doğum günü olduğu üçün dünəndən artıq evlərinə gəlib-gedənlər var. Ümumiyyətlə, Adil şəhid olandan sonra həmişə ailələrinə baş çəkilir. Buna görə hamıya minnətdarıq”.

Şəhidimizin əmisi bu dəfə Vətən müharibəsində isə bacısı oğlunun şəhid olduğunu bildirib:

“Vətən müharibəsində isə bacım oğlu Mahmud Namazov şəhid oldu. Bizim ailənin artıq Qarabağ müharibəsində iki şəhidi var. Mən o, şəhidlərimizin dayısı, əmisi kimi onlarla çox qürur duyuram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.