Bu gün:


Vilayət Eyvazov DİN-in idarə rəisini təqaüdə göndərdi

Tarix: 29.01.2021 / 16:36  •   Oxundu: 190 dəfə  •  

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, R.Qarayev 1960-cı ilin iyul ayının 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olub. Həmin rayonun Alxaslı kəndindəki orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Bakı şəhərində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1979-81-ci illərdə keçmiş SSRİ DİN-in Ukrayna və Moldovadakı Daxili Qoşun hissələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra müxtəlif tikinti təşkilatlarında çalışıb.

1984-cü ilin may ayının 1-də əmək kollektivinin zəmanəti ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunub. Təxminən 5 il sıravi əməkdaş kimi xidmət etdikdən sonra hüquq təhsili almaq üçün keçmiş SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

Müxtəlif vəzifələrdə, o cümlədən tağım komandiri, baş inspektor, nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri, Mətbuat xidmətinin inspektoru, bölmə rəisi, İdarə rəisinin müavini vəzifələrində xidmət edib.

35 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən fəxri fərmanlara, DİN-in “Əla xidmətlərinə görə” döş nişanına, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsinə, “Azərbaycan Polisinin 95 illiyi”, “Azərbaycan Polisinin 100 illiyi” yubiley medallarına layiq görülüb. 2007-ci ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, iki qız övladı, iki nəvəsi var.