Bu gün:


“İsgəndər”ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi..."

Tarix: 17.02.2021 / 10:33  •   Oxundu: 155 dəfə  •  

Şuşaya  “İsgəndər” raketi atıldımı?
 
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Armnews” telekanalına verdiyi müsahibədə “İsgəndər” raketlərindən nə üçün istifadə edilməməsinin səbəbini soruşub.
 
O, müharibənin əsas mərhələsində operativ-taktiki “İsgəndər” raketlərindən istifadə edilməməsini Paşinyan hakimiyyətinin cavab zərbəsindən qorxması ilə əlaqələndirib. O, bildirib ki, onun aldığı etibarlı informasiyaya görə “İsgəndər” raketi yalnız müharibənin sonunda Şuşaya atılıb.
 
Burada diqqəti cəlb edən Sarkisyanın “İsgəndər” raketlərinin konkret hədəflərini göstərməsidir: 
 
"Bəs niyə zərbələr Azərbaycanın öz ərazisinə vurulmadı? Onların cavab zərbəsindən qorxduqlarını düşünə bilərəm. Ola bilsin ki, eyni dəqiqlik və uzaqlıq olmasın. Amma, “İsgəndər” ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi. Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda”.
 
Onun sözlərinə görə, "İsgəndər"lər bunun üçün nəzərdə tutulub. Sarkisyan əlavə edib ki, neft və qaz infrastrukturunun niyə uzun mənzilli silahlarla vurulmadığını da başa düşmür.
 
"Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma sonunda bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? “İsgəndər”lər bizimdir və müttəfiqimiz (yəni Rusiya) onu yalnız bizə verib və biz də bundan istifadə etmədik”.
 
Qeyd edək ki, “İsgəndər” raketləri 2016-cı il aprel döyüşlərindən sonra ilk dəfə sentyabrda İrəvanda hərbi paradda nümayiş etdirildi. O zaman bəzi “ekspertlər” bu raketlərin ixtiyarının Rusiya hərbiçilərində olduğunu deyirdi. Və bu raketlərin Şuşaya atıldığı barədə indiyədək heç bir informasiya yayılmayıb.