Bu gün:


"Heydər Əliyev mənim şəkilimi göstərib və soruşub ki, bu azərbaycanlıdır?"

Tarix: 27.02.2021 / 10:12  •   Oxundu: 232 dəfə  •  

Cənab prezident İlham Əliyev 2021 ci ili “Nizami” ili elan edib. Dahi şairin yaradıcılığına həsr olunan bir sıra tədbirlər keçiriləcək, şairin fəlsəfi fikirləri təbliğ olunacaq. Şair haqda illər öncə “Nizami” filmi çəkilib. Filmdə baş rollardan biri - Afaqı oynayan Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova filmlə bağlı xatirlərini danışıb.

“Mən bir çox filmlərimə təsadüf nəticəsində dəvət almışam, eynilə də bu filmə. “Nizami” filminə mən hələ çəkilməzdən öncə bilirdim ki, bu filmin 20 dəqiqəsi, yəni lazım olan səhnələri çəkilmişdi. Bizim ulu öndərimiz Heydər Əliyev tarixi filmlərə xüsusi diqqət ayırırdı və daim nəzarətdə saxlayırdı.

Filmdə mənim yerimə o vaxt Çeçen-İnquş aktrisası Tamara Yandıyeva çəkilirdi. Heydər Əliyev Eldar Quliyevdən soruşub ki, Azərbaycanda aktrisa yoxdur ki, Tamara “Nizami” filminə çəkilir? O da deyib ki, əlbəttə var. Ulu öndər göstəriş verib ki, filmə azərbaycanlı aktrisa çəkilsin. Mən də kinostudiyada idim, hansısa filmin çəkilişlərinə tələsirdim. Bir də gördüm ki, filmin ikinci rejissoru Akif Rüstəmov qoluma girib, məni “fotoprob”-a apardı. Qrim edib, Afaqın geyimində şəkillərimi çəkdilər. Bir neçə aktrisanın fotoşəkillərini çəkib, ulu öndərimizə göstəriblər. Heydər Əliyev də mənim şəkilimi göstərib və soruşub ki, bu azərbaycanlıdır? Deyiblər ki, bəli azərbaycanlıdır. Ulu öndər deyib ki, bu qız çəkilsin!” - deyə Həmidə Ömərova bildirib.

Xalq artisti daha sonra filmlə bağlı çəkilişlərdən danışıb.
 
““Nizami” filmini biz Gəncədə çəkirdik. Orada bir səhnə var, Afaq yəni mənim qəhrəmanım igidlərin əhatəsində öz toyunda rəqs edir. Toyun kəbinini də Nizami Gəncəvi özü kəsir. Bütün Gəncə əhli yığılmışdı, bizə əl çalırdılar. Mən də ürəkdən rəqs edirdim. Bəlkə də filmin ən gözəl səhnəsi idi. Amma bədii şura bu səhnələri kəsdi ki, gəlin öz toyunda rəqs etməz. Bəxtim gətirmədi, rəqs etdim, kəsdilər. Halbuki Afaq müsəlman yox, qıpçaq qızı idi” - deyə aktrisa bildirib.
Xalq artisti bildirib ki, filmdə Nizami obrazını oynayan Müslüm Maqomayev onun ən unudulmaz tərəfmüqabili olub.
 
“Orada elə bir səhnə var ki, Afaq Nizamiyə  öz keşməkeşli həyatını danışır. Bax bu səhnəni çəkməzdən öncə rejissor Eldar Quliyev məni kənara çəkib dedi ki, Həmidə, Müslüm Maqomayev böyük sənətkarımızdır, amma sən elə oynamalısan ki, o inansın ki, sən həqiqətən də Afaqsan. Dedim ki, yaxşı. Mən başladım bu səhnəni oynamağa və xahiş etdim ki, pauzasız, dərhal çəkin. Həmin səhnə çəkilib qurtarandan sonra Müslüm Maqomayev mənə yaxınlaşıb dedi ki, siz elə oynayırsız kı, mən hər dəfə sizinlə çəkildiyim səhnələrimdə özüm də inanıram ki, Nizami Gəncəviyəm” - deyə Xalq artisti bildirib.