Bu gün:


Ermənistanın mina terroru davam edir — Dünya buna səssiz qalmamalıdır

Tarix: 19.03.2021 / 19:11  •   Oxundu: 337 dəfə  •  

Qarabağ müharibəsi başa çatandan sonra azad olunmuş ərazilərin minalardan təmizlənməsi başlıca məsələyə çevrilib. Azərbaycan dövləti bu istiqamətdə bütün gücünü səfərbər etmiş vəziyyətdədir, lakin proses ləng gedir. Səbəb məlumdur, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Ermənistanın bu məkrli addımının arxasında məqsəd məlumdur.

Birincisi, ərazilərin təmizlənməsinin qarşısını almaq, azərbaycanlıların evlərinə qayıdışını maksimum uzatmaqdır.

İkincisi, daha çox insan tələfatına bais olmaqdır.  

“Siz hələ çox partlayacaqsınız”. Qarabağda minalar partladıqca Ermənistan mətbuatında belə xəbərlər sevinclə tirajlanır.

30 ilə yaxın işğal dövründə Ermənistan bu ərazilərin çox az hissəsində yaşayıb, digər ərazilərin hamısı, demək olar ki, hər qarışı minalanmış vəziyyətdədir. 

Məlumatlara görə, işğal dövründə Ermənistan ərazilərin minalanmasına 340 milyon dollar vəsait xərcləyib. 27 kvadrat kilometrlik təmizlənməmiş kiçik ərazidə tapılan minaların və partlamamış hərbi sursatların dəyəri 3 milyon dollara qədərdir. Mütəxəssislərin fikrincə, Ermənistan bu ərazilərə təxminən 4,5 milyon mina basdırıb, bu, 340 milyon dollar və işğal dövründə Ermənistanın hərbi büdcəsinin 50, dövlət büdcəsinin 10 faizi deməkdir.

Bu, bir daha Ermənistanın terror mahiyyətindən xəbər verir. Müharibədən sonra mina xəritələrinin Azərbaycana verilməməsi də terrorun fərqli formada davam etdirilməsidir. 10 noyabrdan indiyə qədər Qarabağda partlayan minalar və həlak olan insanlar erməni terrorunu açıq şəkildə göstərir.

Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi terror, hərbi cinayət və beynəlxalq hüququn pozulmasıdır.

Prezident İlham Əliyev də bu haqda danışarkən deyib: “Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.

Ermənistanın bu addımı beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxildir. Çünki sülh şəraitində mülki əhalinin mina və partlamamış sursatlardan əziyyət çəkməsi cinayət hesab edilir.

Hazırda Azərbaycan bütün imkanlarını səfərbər edərək, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində çalışır. Lakin beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayətinə göz yummamalı, mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün təzyiq etməlidir. Yalnız belə olan halda əməkdaşlıqdan danışmaq mümkündür. Artıq müharibə başa çatıb, münaqişə bitib, sülh şəraitində insanların həlak olması qəbul edilməzdir. Dünya Ermənistanın bu cinayətinə susmamalıdır.