Bu gün:


Suriyanın şimalında vəziyyət pisləşir, Rusiya zərbələr endirir

Tarix: 23.03.2021 / 15:44  •   Oxundu: 181 dəfə  •  

Suriyanın şimalında, Türkiyə ilə Rusiya arasında razılaşdırılmış deeskalasiya zonasında vəziyyət pisləşir, son günlər Rusiya bu bölgədə Əsəd rejiminə müxalif qüvvələrin bazalarına tez-tez raket və bomba zərbələri endirir. Nəticədə mülki insanlar da həlak olur, vurulan obyektlər arasında mülki xəstəxana da var.
 
Yaranmış vəziyyətlə bağlı Vaşinqton Suriya münaqişəsinin bütün tərəflərini atəşin dayandırılmasına çağırıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays martın 22-də deyib ki, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin artilleriya atəşlərini və Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyir.

Bu bombardmanın nəticəsində Hələb şəhərinin qərbində və İdlib qəzasında dinc sakinlər həlak olub. Hələbin qərbində xəstəxananın artilleriya atəşinə tutulması nəticəsində bir uşaq da daxil bir neçə pasient həlak olub, habelə onlarca tibb işçisi xəsarət alıb. “Amerikanın səsi” xəbər verir ki, bu xəstəxananın koordinatları BMT-nin münaqişələrin çözülməsi mexanizminə uyğun olaraq münaqişə tərəflərinə bildirilmişdi.
 
Bu da xəbər verilir ki, Rusiya hərbçiləri İdlib qəzasının Türkiyə ilə həmsərhəd rayonlarına aviasiya zərbələri endiriblər. Nəticədə bir mülki şəxs həlak olub, habelə bölgəyə humanitar yardımın gətirilməsi üçün təhlükə yaranıb. Bu ərazidəki təhlükəsizlik dəhlizindən hər ay 2,4 milyon suriyalıya yardım gətirilir.

Dövlət Departamentinin nümayəndəsi xəbərdarlıq edib ki, mülki şəxslər, tibb heyəti və tibb müəssisələri heş vaxt hərbi əməliyyatların obyekti olmamalıdır. Bundan əvvəl “Reuters” agentliyi xəbər vermişdi ki, Rusiya təyyarələri martın 21-də Surya-Türkiyə sərhədinə yaxın qaz qurğusuna, sement zavoduna və bir neçə şəhər və kəndə zərbələr endirib. Eyni vaxtda Suriya ordusunun artilleriya atəşləri nəticəsində bu ərazidəki xəstəxanada 7 xəstə həlak olub və 14-dək tibb işçisi yaralanıb.
 
Bəzi mənbələr bildirirlər ki, Qah şəhəri Rusiyanın istehsalı olan “yer-yer” raketləri ilə atəşə tutulub, Rusiya isə Türkiyə sərhədində qaçqınların sıx yerləşdiyi düşərgəyə yaxın əraziləri bombardman edib.Qaz qurğusu Sarmada şəhəri yaxınlığında hədəflənib və Bab əl-Həva sərhəd keçidində qaçqınlara yardım daşıyan yük maşınları od tutub.

Qərb kəşfiyyatı mənbələri bunu da bildirirlər ki, martın əvvəllərində onlarca neftayırma qurğusunda yanğına səbəb olmuş ballistik raket zərbələrinin də arxasında Rusiya olub. Əl-Bab və Carablus şəhərlərinin yaxınlığında olan bu ərazilər Türkiyənin nəzarətindədir. Türkiyə tərəfindən dəstəklənən üsyançı alyansı - Suriya Milli Ordusu bildirib ki, Rusiya qiyamçıların nəzarətində olan sonuncu ərazidə xaos yaratmağa cəhdlər göstərir.
 
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya atəşin dayandırılmasına dair tələbnamə göndərilib və Türkiyə ordu birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Moskva bu xəbərlərə hələki heç bir reaksiya verməyib. “Reuters” yazır ki, Suriya ordusu və üsyançılar arasında döyüşlər ötən il Rusiya və Türkiyə arasında əldə edilmiş razılaşmadan sonra səngiyib, lakin sakitliyi yenə də Rusiyanın hava zərbələri pozur.
 
Rusiya mənbələri də  ölkənin Hava-Kosmik Qüvvələrinin Suriyaya bir neçə gün əvvəl göndərilmiş 4 Su-34 qırıcı-bombardmançısının yaraqlıların mövqelərinə raket-bomba zərbələrini təsdiqləyir. Avia.pro saytı Hmeymim aviabazasından İdlibə “İsgəndər” raketi ilə zərbə endirildiyini bildirir. Sayt yerli sakinlər tərəfindən çəkilmiş fotonu-raketin kvaziballistik trayektoriya ilə uçduğunu təsdiqləyən tüstü izi görüntülərni də təqdim edir.
Müdafiə Nazirliyinə yaxın olan “Russkaya vesna” saytı isə Rusiyanın Hava-Kosmik Qüvvələrinin İdlibdə yaraqlıların hərbi texnikasını və yüz milyonlarla dollarlıq qaçaq malını məhv etdiyini bildirir. Belə ki, Rusiya təyyarələri “içərisi silahla və hərbi texnika ilə dolu” TIR-ların dayanacağına zərbə endirib, nəticədə onlarla maşın məhv olub. Yaraqlılar isə həmin maşınların humanitar yardım daşıdığını bildirir.
 
Habelə “Watad Petroleum” şirkətinin neft infrastrukturuna da zərbə endirilib. Bu şirkəti “Hayat Təhrir əş-Şam” qruplaşmasının səhra komandirləri və şəxsən başçısı Məhəmməd Culani yaradıb. Rusiya tərəfi iddia edir ki, şirkət Suriyadan neft qaçaqmalçılığı həyata keçirir.