Bu gün:


"Rusiya "İsgəndər"in Azərbaycana atılacağını bilirdi"

Tarix: 28.03.2021 / 09:56  •   Oxundu: 165 dəfə  •  

“Ermənistan bu raketlərdən birini Bakıya atdı”
 
25 mart tarixində “Forbes” jurnalında Qarabağ müharibəsinə aid material verilib. Azərbaycanın uğurlu müharibə apardığı, Ermənistanın ağır məğlubiyyətə uğradığı yazıda qeyd olunub. “Forbes”in bu materialı Azərbaycan mediasında həm rus, həm Azərbaycan dilində yayılıb. Amma, orijinal mətndə gedən kiçik bir cümlə heç bir yerdə verilməyib. Diqqət edək:
 
“Forbes”yazır:  “Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhəri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşən İrəvan 9K720  İskəndər qısa mənzilli ballistik raketindən istifadə etdi. Ancaq raket atışı vəziyyəti dəyişdirmədi, çünki Azərbaycanda yüksək texnoloji hərbi texnika var idi: İsrail Aerokosmik Sənayesi (IAI) və Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanan Barak 8 zenit raket sistemi, raketi tutdu”.  
 
Orijinal mətndə bu iki cümlənin arasında bir cümlə də var: “Armenia fired one of these missiles at Baku”. Tərcüməsi:” Ermənistan bu raketlərdən birini Bakıya atdı”. Göründüyü kimi bizim mətbuatda - “ballistik raketdən istifadə etdi” sözü var, amma hara atıldığı yazılmayıb. Orijinalda isə var. Bakıya atılıb. 
 
Əgər bu həqiqətdirsə (“Forbes” nüfuzlu nəşrdir, yalan yazmaz) bu faktı Ermənistanın əleyhinə niyə istifadə etmirik? Rusiya bu raketi 2016-cı ildə Ermənistan Ordusuna hədiyyə edəndə, onun Azərbaycana atılacağını bilirdi. Raket Ermənistan ərazisindən atılıb. Mülki əhaliyə qarşı yönəlib. Bu məsələnin araşdırılması əhəmiyyətli olar.