Bu gün:


Ən böyük arzusu şəhid olmaq idi

Tarix: 30.03.2021 / 09:47  •   Oxundu: 181 dəfə  •  

“Qardaşıma heç vaxt doğum gününü qeyd etmək nəsib olmayıb. Hətta 1 yaşı tamam olanda keçirmək istəyiblər rəhmətə gedən olub deyə qalıb. 2 yaşında da eyni ilə həmin hadisə təkrarlanıb. Ona görə heç vaxt doğum günü keçirməyib. Keçən il ad gününü geniş şəkildə qeyd etmək istədi, pandemiya idi deyə alınmadı. Yalnız biz, bir də dayımın ailəsi doğum gününə yığışa bildik. Anamgil qrip olmuşdu deyə gələ bilməmişdilər, qardaşım çox pis olmuşdu”
 
Bu gün cənnətdə ilk doğum gününü qeyd edən şəhid baş leytenant Əzizov Elçinin bacısı İmarət Əzizova bildirib.
Şəhidimiz 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2 ci sinifi bitirdikdən sonra 1993-ci il avqust ayında ailəsi ilə birgə erməni silahlı dəstələri tərəfindən doğma rayonundan didərgin salınıb. Ali təhsilini Azərbaycan Texniki Universitetində alan Elçin 2006-cı ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi xidmətə başlayır. Xüsusi təyinatlı kimi Tərtər rayonunun Talış və Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə ezam olunur. 2016-cı ilin aprel döyüşlərində göstərdiyi şücaətə görə leytenant rütbəsinə layiq görülür. 
 
Şəhidin bacısı daha sonra əlavə edib.

“Qardaşım bir il ərzində iki dəfə Azərbaycan Prezidenti tərəfindən təltif edilib. Belə ki, 2018- ci ilin avqustunda "Hərbi xidmətlərə görə" medalı ilə, 2019-cu ilin avqustunda isə "Vətən uğrunda" medalı ilə təltif olunub. Sentyabrın 27-də müharibənin başladığı ilk saatlarda Elçin doğma yurdumuz Cəbrayılın azadlığı uğrunda  gedən döyüşlərdə iştirak edib. Həmin gün işğaldan azad edilən Cocuq Mərcanlıdan sonra ikinci kənd bizim Böyük Mərcanlı kəndimiz oldu. Qardaşım Cəbrayıl rayonunun kəndlərinin əksəriyyətinin azad edilməsində iştirak etməkdən savayı həmin kəndlərdə sərhəd zastavalarının qurulmasına da rəhbərlik edib. Daha sonra o müharibənin növbəti günlərində Xudafərin körpüsünə doğru irəliləyib. Bir-bir bütün kəndləri işğaldan azad edərək Sarıcalı kəndinə qədər irəliləyirlər. Xudafərin körpüsünə 5 kənd qalmışdı ki, qardaşım oktyabr ayının 13-də Sarıcalı uğrunda döyüşlər başlanan zaman ona döyüş tapşırığı verilmir. Elçinə və digər döyüş yoldaşlarına döyüş meydanına gedərək ağır yaralanan hərbçiləri maşınlara mindirərək ərazidən uzaqlaşdırmaq həvalə olunub. Elə döyüş meydanına gedəndə onların olduğu maşın erməni raketinin hədəfi olur. Bu zaman qardaşım və döyüş yoldaşları qəhrəmancasına şəhid olur. Mən qardaşımı bir aydan çox idi ki, görmürdüm, xidmətdə idi deyə yalnız hər gün telefonla danışırdıq. Müharibə başlayanda da bir neçə saatdan bir yazıb yalvarırdım ki, irəli getmə. Hətta şəhid olmazdan öncə zəng edirdi, hər gün danışanda salam-sağol edirdik, amma bu dəfə məni çox ağlatmışdı. Deyirdi ki, fəxr edəcəksən ki, şəhid bacısısan. Yenə də axşamçağı zəng etdim, telefonu açıb dedi ki, “sağol-sağol danışarıq”. Daha sonra qardaşımdan xəbər çıxmadı. Ən böyük arzusu şəhid olmaq idi. Hətta müharibə başlayan günün axşamı həyat yoldaşına mesaj yazmışdı ki, uşaqları sənə əmanət edirəm” deyə şəhidimizin bacısı bildirib.
 
Elçin Əzizov 2-ci Qarabağ müharibəsində "Vətən uğrunda" medalı 3 cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, “Cəbrayılın azad olunmasına görə" medalı ilə  təltif olunmuşdur. Şəhidimiz 2 ci fəxri xiyabanda torpağa tapşırılıb. Elçin Əzizov ailə idi, onun Yusif, Duyğu və Uğur adlı 3 övladı bizlərə yadigar qalıb.