Bu gün:


“Bu işğalı aradan qaldırmaqla regiona sülh gətirəcəyik” - Sahibə Qafarova

Tarix: 29.09.2020 / 17:04  •   Oxundu: 117 dəfə  •  

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

idealmedia.az xəbər verir ki, S. Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə etdiklərini bildirib:
“Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edərək qardaş Türkiyənin dəstəyini bildirib.  Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk”.
Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumu ilə Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: 
“Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olub. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib”.
Artıq ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini söyləyib: “Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz, illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq”.
Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.
“Hazırda Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Və əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!”, - deyə Sahibə Qafarova qeyd edib.