Bu gün:


BAYDENİN “SOYQIRIM” İFADƏSİ TÜRKİYƏNİ ERMƏNİ ŞƏRİNDƏN QURTARACAQ ...

Tarix: 27.04.2021 / 10:00  •   Oxundu: 158 dəfə  •  

ABŞ Prezidenti Co Baydenin gündəmi bürümüş uydurma “erməni soyqırımı”na “kardaşyancasına” münasibət bildirməsinin ömrü, nəinki 40 gün, heç 10 gün də çəkməyəcək. Onun nə deməsindən asılı olmayaraq bu məqamda məsələyə optimist yanaşıb “Hər nə olursa, yaxşılığa doğru olur” deyimini nəzərə almaq daha doğru olar. Əlbəttə, tarixi olayı araşdırmadan ona qərəzli şəkildə siyasi qiymət vermək heç bir halda qəbul edilən deyil. Ancaq kim bilir, bəlkə elə Baydenin bu “soyqırım” ifadəsini işlətməsi nəhayət Türkiyənin erməni şərindən birdəfəlik qurtulmasına gətirib çıxaracaq... 
 
Diqqət edin, məgər ABŞ Prezidentinin bu sözü dilə gətirməzdən bir gün öncə Türkiyə Prezidentinə telefon açması və “soyqırımla” bağlı çıxışında, “... Bunu günahlandırmaq üçün deyil, baş verənlərin bir daha təkrarlanmaması üçün edirik”, deməsi, “qırılmış ermənilərlə” bağlı bu uydurmaya birdəfəlik son qoyulması demək deyilmi?
 
Sözsüz ki, siyasətdə böyük təcrübəsi olan Bayden 106 il öncə baş vermiş tarixi hadisəyə araşdırılmadan siyasi qiymət verilməsinin doğru olmadığını özü çox gözəl bilir. Çünki o, “Ağ evin” Osmanlı imperiyasının 1915-ci il hadisələri ilə bağlı araşdırma apardığını bilməmiş deyil. ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın məsləhətçisi olmuş Brüs Feynin ““Erməni soyqırımı” məsələsi heç bir əsasa söykənmir, belə ki, 1915-ci ildə daha çox türk həlak olub, nəinki erməni. Biz Prezident Reyqanın tapşırığı əsasında bu məsələ ilə bağlı o zaman araşdırma apardıq. Bir sıra arxiv sənədləri tapıldı, hansı ki, onlar Avropa və o zamankı Osmanlı İmperiyasının hərbi arxivlərində qorunurdu. Araşdırma nəticəsində məlum oldu ki, o hadisələrdə daha çox türk həlak olub, nəinki erməni. “Erməni soyqırımı” barədə nağıl, erməni tarixçilərinin xülyalarının məhsuludur. Erməni bandit birləşmələri 2 milyondan artıq türk öldürüblər”, deməsindən Bayden mütləq xəbərdardır. 
 
Bundan əlavə, olayla bağlı Brüs Feyn dediklərindən o da məlum olur ki, Osmanlı İmperiyası dövründə bütün dini və etnik azlıqlar eynilə türklərin istifadə etdikləri hüquqlara malik olub və ondan istifadə ediblər: “Yunanlar, kürdlər, çerkəslər, ərəblər və ermənilər o dövrlərdə Türkiyədə kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci dünya müharibəsi illərində ermənilər vətəni sataraq, Osmanlı İmperiyasının düşmənlərinin tərəfinə keçdilər. Ermənilər ruslarla çiyin-çiyinə vuruşurdular. Onlar türk və gürcü kəndlərini talayır, dinc əhalini qırırdılar. Araşdırma aparılarkən Türkiyə tərəfi onların arxivlərindən istifadə etməyə icazə verdi, amma ermənilər qəti surətdə öz arxivlərinin açılmasına icazə vermədilər. Mənim nəzərimcə əgər o arxivlərin açılmasına nail olunsa, həqiqət mütləq üzə çıxacaq. O zaman ermənilər tarixi böhtana görə dünya, xüsusən də türklərin qarşısında üzr istəməli olacaqlar.”
Əlbəttə, bütün dünya bilir ki, Türkiyə dövləti ermənilər tərəfindən bu uydurma soyqırım oyunu ortaya atıldığı gündən Ermənistana dəfələrlə ortaq tarixi komissiya yaradılması barədə öz təklifini verib. Ancaq bu iddianı özlərindən siyasi məqsədlər üçün uydurduqlarını yaxşı qanan haylar şübhəsiz ki, Türkiyənin təklifindən bilərəkdən boyun qaçırırlar. Belə olmasaydı, hər bir oyunlarını kilsədə ssenariləşdirən haylara Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyan “Bəzi ölkələrdə xalqımızın acısını və əcdadlarımızın müqəddəs xatirəsinin gündəlik siyasi məqsədlər üçün alətə çevrilməsini görmək bizi üzür”, - deyə, bu iddiadan əl çəkilməsinə çağrış edərdimi?
 
Sözsüz ki, ömürboyu başqalarının əlində oynadılmağa vərdiş etmiş ermənilərin əslində burada öz növbəti məkrli niyyətləri var; Türkiyədən müxtəlif formada təzminat almaq. Ancaq təzminat eşqinə düşən haylar qanmır ki, bu, hüquq məsələsidir və belə məsələlər yalnız məhkəmələrdə həll olunur. Məhkəmədə prosedur qaydalara uyğun olaraq ortaya qoymağa əllərində heç bir dəlil-sübut və ya hansısa hüquqi sənədi olmayan ermənilərin bu istəyə nail olmaları isə “ac toyuğun yuxuda darı görməsi”nə bərabərdir. 
 
Məhkəmə demişkən, bir neçə gün öncə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik ABŞ-ın uydurma erməni “soyqırımı”nı tanıyıb tanımayacağı ilə bağlı sualı cavablandırarkən, “Soyqırım faktı yalnız müvafiq məhkəmələr tərəfindən müəyyən edilə bilər. Yaxşı olar ki, bu barədə məhkəməyə müraciət olunsun. Bu, son illərdə bir neçə dəfə qaldırılan məsələdir. Biz BMT-nin yaranmasından əvvəl baş verən hadisələrə münasibət bildirmirik. Fərqli vəziyyətlərdə və fərqli şərtlərdə soyqırım həqiqətinin müvafiq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməli olduğunu bildirmişik”, deməsi bir daha onu sübut edir ki, ermənilərin uydurduğu bu məsələ heç bir halda siyasi yox, məhz tarixi və hüquq məsələsidir.
 
Huquqa gəlincə isə əslində indiki halda Türkiyə illərdir onun zəhləsini tökmüş Ermənistana qarşı gərək vaxt itirmədən əks hücuma keçsin. Türkiyə “erməni soyqırımı” məsələsində müdafiə olunmaqdan və humanistlikdən mütləq əl çəkməlidir. O neçə illərdir ermənilər tərəfindən bütün dünyada uydurma “soyqırımı” adı ilə siyasi təzyiqə və ya şantaja məruz qoyulduğunu əsas götürərək, arxivlərdəki sənədlər əsasında Ermənistanı, həmçinin bu uydurmanı siyasi oyunbazlıqla tanımış digər dövlətləri, ayrı-ayrı ermənipərəst və ya ermənilərə pul müqabilində satılaraq beynəlxalq aləmdə nüfuzuna zərbə vurmuş siyasətbazları şər və böhtan atdıqlarına görə beynəlxalq məhkəməyə verməlidir.
 
Belə olan halda heç şübhəsiz ki, bu olaylarla bağlı Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan tarixi sənədlərin tozunun ermənilərin gözünə və burnuna dolacağını bütün dünya görəcək. Buruna dolan tozun təmizlənməsinin ən yaxşı yolu isə yalnız asqırmaqdır. Odur ki, ermənilər qoy indidən gedib asqırsınlar.