Bu gün:


500 METR YERİN ALTINDA ORUC TUTANLAR DANIŞDI...

Tarix: 05.05.2021 / 09:53  •   Oxundu: 130 dəfə  •  

“Oruc tutmaq istəməyən birinin hər zaman bir bəhanəsi var. Burada istidir, tər içində işləyirik, amma oruc tutmaq istəyirik və Allah bunu etmək üçün bizə güc verir...”
 
Çoxumuz rahat ofis və ya evdə oruc tutmağa tənbəllik edirik. Amma dünyada ən çətin şəraitlərdə oruc tutmağa davam edən müsəlmanlar var... 
...Bosniya və Herseqovinada müsəlman mədənçilər Ramazanda saatlarla yeraltı oruc tutduqdan sonra iftar edirlər. 
 
İDEAL Media.az xəbər verir ki, bu haqda  “The Intelligencer” nəşri yazır.
 
Zenitsa şəhərindəki kömür mədənində işləyənlər növbələrinə başlamazdan öncə çağırış üçün toplanır və sonra şaxta tunellərinə enirlər. Şaxtaçıların yanında 500 metr dərinlikdə olan yeraltı iftarda onları gözləyən qida ilə dolu plastik torbalar var. 
“Oruc tutmaq istəməyən birinin hər zaman bir bəhanəsi var. Burada istidir, tər içində işləyirik, amma oruc tutmaq istəyirik və Allah bunu etmək üçün bizə güc verir”- şaxtaçı Salih Doqlod belə deyir. 
 
Mədənlərdə günün axşama necə döndüyü görünmür və kömür sənayesi işçiləri iftar etmək üçün cib telefonlarındakı saata uyğun davranırlar. Bir stəkan su və xurmadan sonra mədənçilərdən biri azan oxuyur. Sonra  növbə ilə iki-üç nəfərlik qruplarla namaz qılır və yenidən təhlükəli və ağır işlərinə qayıdırlar... 
Müsəlman şaxtaçı Fuad Hadjiç 2014-cü ildə Zenitsada bir şaxta çökməsindən möcüzəvi şəkildə xilas olub. O, həmin hadisənin Allaha olan inamını gücləndirdiyini söyləyir. 

“Bizi Rəbbimizin qurtardığına əminik. Həmin vaxt bildiyimiz bütün duaları ucadan söyləyirdik” - deyə Hadjiç xatırlayır. 

“30 ildir eyni mədəndə çalışıram və Allahın köməyi ilə həmişə Ramazanda oruc tuturam. Bu, heç də çətin deyil"- müsəlman mədənçi böyük inamla deyir.