Bu gün:


İSRAİL FƏLƏSTİNDƏ 140 HƏDƏFƏ ZƏRBƏ ENDİRİB

Tarix: 11.05.2021 / 09:54  •   Oxundu: 143 dəfə  •  

Qəzza zolağından olan Fələstinli radikallar bir gecədə İsrailə 200-dən çox raket atıb. İsrail hərbçiləri cavab olaraq sahil Fələstin anklavında 140 hərbi hədəfi vurub.
 
Bu barədə xarici jurnalistlər üçün keçirdiyi brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.
 
O bildirib ki, Qəzza zolağından İsrailin müxtəlif şəhərlərinə bir gecədə 200-dən çox raket atılıb: “Bunların təxminən üçdə biri Qəzza zolağının öz ərazisinə düşüb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri əməliyyatın başlamasından 12 saat sonra təxminən 140 hərbi hədəfi vurub, radikalların, Həmas və İslami Cihad qruplarının təxminən 15 döyüşçüsü məhv edilib”.
 
Agentlik xatırladır ki, Qəzza zolağından İsrailə kütləvi raket hücumları dünən axşam saatlarında başlayıb. Fələstinli radikallar mayın 10-da İsrail ərazisinə ən az 150 raket atıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Fələstin anklavındakı radikalların hədəflərinə ilk hücum dalğasını başladıb. İsrailin Baş naziri Binyamin Netanyahu dünən gecə "qarşıdurma bir müddət davam edə bilər" deyə xəbərdarlıq edib: "Biz eskalasiyanı istəmirdik, ancaq bunu seçənlər əlimizin ağırlığını hiss edəcəklər".