Bu gün:


Ağar: Ermənistan bəzi torpaqlarını da itirəcək

Tarix: 20.05.2021 / 13:48  •   Oxundu: 152 dəfə  •  

Beynəlxalq hüququn qanunları işləyərsə, Ermənistanın Qaragöl ətrafındakı təxribatları heç bir nəticə verməz, hətta əlindəki bəzi torpaqları da itirmək məcburiyyətində qala bilər. Çünki Azərbaycanın oradakı haqlı müdaxiləsi Rusiyanın (SSRİ nəzərdə tutulur - red.) çəkdiyi xəritələrə əsaslanır.

Türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Türkiyə bu saatdan sonra hər vəziyyət və şəraitdə Azərbaycanın yanında yer alacaq:
"Buradakı problem nədir?! Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan sərhədləri pozaraq Qarabağa girmişdi. O gündən bu günə Qarabağ sərhədlərini öz torpaqları kimi qəbul edirlər. Azərbaycana qarşı çox böyük bir haqsızlığın şahidiyik. Burada böyük beynəlxalq hüquq və sərhəd pozuntusundan söhbət gedir. Amma Ermənistan o arsızlığı ilə hələ bir cürət edib, haqq tələbindədir, lakin sonuna qədər haqsızdır. Bunu özləri də bilir, bunu Rusiya da bilir. Ermənistan düşünür ki, bu yolla Azərbaycandan nəsə qoparda bilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın nahaq olduğu istəklərini niyə qəbul etsin axı?! Sən bir ölkənin torpağını işğal edəcəksən, o ölkəyə qarşı təcavüz edəcəksən, ondan sonra mənim ölkəmə hücum edən, mənim torpağımı işğal edən Ermənistanı öz ərazisində vurmayacam? Belə bil beynəlxalq hüquq, beynəlxalq norma ola bilərmi? Əgər o, mənim ölkəmə hücum edə bilirsə, mən də lazım olduğunda özümü müdafiə məqsədi ilə mənim torpağıma hücum edən Ermənistanı tərki-silah etmək üçün bir əks-reaksiya ortaya qoya bilərəm. Məncə, Ermənistan KTMT-ni öz mənfəətlərinə uyğun olaraq çirkin bir şəkildə istifadə edir.

II Qarabağ müharibəsində də gördüyünüz mənzərə bu idi. Yəni müharibə Azərbaycan torpaqlarında getdi. Azərbaycanın cəbhədən uzaq, heç bir hərbi əhəmiyyəti olmayan şəhər və rayonlarındakı dinc əhali qətlə yetirildi. Biz Ermənistanın etdiyini etdikmi? Azərbaycan heç Ermənistan torpaqlarına hücum etdimi? Amma əsas qayda budur: Əgər biri sənin torpağına hücum edirsə, əgər biri sənin vətənini işğal etməyə cəhd göstərirsə, sən də onun ərazisinə, ərazisindəki əsgərlərə qarşı bir reaksiya ortaya qoya bilərsən. Bu, son dərəcə təbii beynəlxalq hüquq normasıdır, həqiqətdir bu. Amma Azərbaycan bunu etmədi, Ermənistan qudurmasın!

Türkiyə bu saatdan sonra hər vəziyyət və şəraitdə Azərbaycanın yanında yer alacaq. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri Ermənistana deməlidirlər ki, sən Azərbaycanın torpaqlarını işğal edirsən, Azərbaycana müharibə elan edirsən, Azərbaycanın torpaqlarında müharibə aparırsan, dinc sakinləri vurursan, özü də istifadəsi qadağan edilən silahlarla, kaset bombaları ilə, "Smerç"lərlə, Toçka U-larla.

Məncə artıq KTMT-nin Erməmistanın etmiş olduğu beynəlxalq hüquqa zidd olan təcavüz xarakterli hərəkətlərini sorğulamasının zamanı gəlib və keçməkdədir. Yəni Ermənistan Azərbaycan torpaqlarına təcavüz edəcək, Azərbaycan Ermənistana heç bir şey etməyəcək?! Belə bir beynəlxalq qanun harada var?"