“Biz status-kvo ilə əlaqədar uzun illər böyük səy göstərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu məsələ ilə bağlı bir açıqlama gəlsin”.
idealmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, nəhayət, 7-8 il əvvəl ABŞ, Fransa və Rusiya dövlət başçıları səviyyəsində bir neçə dəfə belə açıqlama verilib ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir: “Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bu məsələ ilə bağlı açıqlamalar verdim ki, bu, çox müsbət yanaşmadır. Yəni bu, nə deməkdir? Bu, o deməkdir ki, torpaqlarımızdan erməni silahlı qüvvələri çıxmalıdır, status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik ki, biz status-kvonu necə dəyişdirə bilərik?! Bu, Ermənistan tərəfində bir mesaj, siqnal idi. Təəssüf ki, bir neçə dəfə verilən bu açıqlamalar havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq bu həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır, status-kvo dayanıqlı deyil, bu isə o deməkdir ki, onlar sadəcə, bunu bir fakt kimi göstərirlər”.
Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda Azərbaycan status-kvonu özü təkbaşına, döyüş meydanında dəyişdirdi: “Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Fizuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edilib. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti. Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdı. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi, bunu biz açıq etiraf etməliyik. Yəni Ermənistanın əhalisinin az olması onlar üçün çox ciddi çətinlik yaradır və onlar üçün təmas xətti çox qısa, düz olmalı idi. Onu da etdilər. Onların buna ağılı çatmazdı, onlara məsləhət verənlər bunu etdilər. Əgər əvvəlki təmas xəttinə baxsanız, bu, üfüqi, şaquli formadadır və o təmas xəttini müdafiə etmək çox asandır. Onların mövqeləri, əsasən, təpələrdə idi və o istehkamları yarmaq çətin bir iş idi. Hazırkı anda bu təmas xətti yoxdur, bir neçə yerdən onu yardıq. Şimaldan, cənubdan, şərqdən təmas xəttini yardıq, artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur. Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Biz hər gün yeni mövqelər azad edirik. Şərt deyil ki, o mövqelər kənd olsun, yaxud şəhər olsun. Təpə olsun, dağ olsun, o da şəhərdən, kənddən önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir, şəhərdə də varıq. Amma şəhərə girəkmi, girməyəkmi, o, başqa məsələdir. Hazırkı anda bizim qarşımızda belə siyasi vəzifə yoxdur ki, illah bu gün oranı elan edək, yarın başqa yeri elan edək. Bəzi hallarda kəndləri, şəhərləri azad edirik, bir, iki gün sonra açıqlama veririk. Bunun da taktikası var. Ona görə də status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin uzun illər öz orduları haqqında uydurduğu “yenilməz ordu” əfsanəsi yoxdur. Biz göstərdik ki, kim kimdir. Ona görə də gərək bu reallıqlarla həm Ermənistan, həm onların havadarları, bütün dünya hesablaşsın. Bizə “dur” deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz istəmirik ki, qan tökülsün. Ancaq gərək ondan sonra siyasi mərhələ başlasın. Siyasi mərhələ başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və dinc yollarla öz torpaqlarımızı azad edək”.