Bu gün:


Metroda qadın və kişilərin ayrı-ayrı vaqonlarda getməsi ideyası dəstəkləndi...

Tarix: 02.08.2021 / 08:36  •   Oxundu: 157 dəfə  •  

“Həm müsəlman ölkələrində - Dubayda,  Misirdə, Türkiyədə, həm də qeyri -müsəlman ölkələrində - Hindistan və Braziliyada  metroda qadınlar üçün ayrıca vaqonlar  fəaliyyət göstərir...”
 
“Qadınlar üçün ayrılan metro vaqonları pik saatlatda bir-birinə yad olan kişi və qadınlar arasında çox yaxın təmasdan qaçınmağa kömək edəcək”.
 
İDEAL Media.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Moskva Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti İldar Alyautdinov  söyləyib. 
 
"Xüsusilə də bu günün reallıqlarını nəzərə alaraq pik saatlarda, metroda insanların hədsiz sıxlığı olduğu halda bu təşəbbüsün doğru olduğunu düşünürəm. Belə sıxlıqda həm qadınlar, həm də  kişilər sıxışdırılaraq bir-birinə toxunurlar" - Alyautdinov bildirib.
 
Onun fikrincə, "əks cinsə olan cazibə təbiidir", ancaq kişilərlə qadınları, xüsusən də pik saatda ayırmaq düzgün olardı. 
 
"İslam baxımından kişinin, gözlənilməz hallar istisna olmaqla, yad, naməhrəm bir qadına toxunmaq haqqı yoxdur. Mömin bundan mümkün qədər çəkinməlidir. Müsəlman icmalarında bir-birinə naməhrəm kişi və qadınların eyni otaqda qalması da təşviq edilmir. Məsələn, məscidlərdə kişilər və qadınlar üçün ayrıca namaz məkanları var” –deyə müfti bildirib.
 
“Bununla yanaşı, həm müsəlman ölkələrində: Dubayda,  Misirdə, Türkiyədə, həm də qeyri -müsəlman ölkələrində: Hindistan və Braziliyada  metroda qadınlar üçün ayrıca vaqonlar  fəaliyyət göstərir. Bundan əlavə,  uzun müddətdir ki, Rusiya Dəmir Yolları vaqonlarında qadınlar üçün ayrıca kupelər təklif olunur və buna da ehtiyac var" - deyə Moskva müsəlmanlarının lideri açıqlamasını yekunlaşdırıb.

Xatırladaq ki, bir neçэ gün öncə Leninqrad vilayəti İctimai Palata sədrinin birinci müavini Vladimir Petrov Rusiyanın nəqliyyat naziri Vitali Savelyevə ictimai nəqliyyatda  qadın və kişilərə ayrı-ayrı məkanların ayrılmasıyla bağlı məktub ünvanlayıb.

Siyasətçi bildirib ki, ictimai nəqliyyatın “ümumi” və “qadın”lar üçün bölünməsi praktikası artıq dünyada geniş yayılıb. Onun sözlərinə görə, belə bir tədbiri qəbul etmiş ölkələrdə qadınlar cinsi hücum və ya təcavüz riski barədə narahat olmadan təhlükəsiz səyahət edə biləcəkləri xüsusi vaqonlardan istifadə edə bilirlər...

“Hamilə qadınlar və ya azyaşlı uşaqları olan qadınlar da belə ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən məmnundurlar. Buna görə də Rusiyada metro, tramvay və digər ictimai nəqliyyat növlərində xüsusi qadın vaqonlarının işə salınması üçün bir sınaq təcrübəsini qiymətləndirməyinizi xahiş edirəm” - deyə müraciətdə bildirilib.