Bu gün:


Moskvada yaşayan azərbaycanlıların Şuşa sevinci

Tarix: 09.11.2020 / 11:08  •   Oxundu: 216 dəfə  •  

Azərbaycan mədəniyyətinin beşiyi olan qədim şəhərimiz Şuşanın Ermənistan işğalından azad olunması Rusiya paytaxtında da böyük sevinclə qarşılanıb.
Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ölkəmizin Moskvadakı səfirliyinin önünə toplaşıblar.
Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad olunduğunu elan edəndən dərhal sonra əllərində Azərbaycan bayraqları ilə onlarla Rusiya vətəndaşı olan azərbaycanlı gənc səfirlik önündə toplaşaraq dinc aksiya keçiriblər. Rusiyalı həmvətənlərimiz qədim şəhərimiz olan Şuşanın 28 illik Ermənistan işğalından azad olunmasını böyük çoşqu ilə qarşılayıblar.
Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin qadağan olunduğu Moskva şəhərində qanunları pozmamaq üçün Azərbaycan diasporunun nümayəndələri qısa müddət ərzində Şuşanın Ermənistan işğalından azad olunması sevincini qeyd edərək aksiyanı başa vurublar.
Şuşa sevincini APA-nın Moskva müxbiri ilə bölüşən həmvətənlərimiz Azərbaycan xalqını böyük zəfər münasibətilə təbrik ediblər: “Biz Rusiya azərbaycanlıları Azərbaycan Ordusunun yanındayıq. Rusiyada yaşayan azərbaycanlılar ilk gündən vətənimiz üçün canımızdan keçməyə hazır olduqlarını bəyan ediblər. İndi də buna hazırıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.