Bu gün:


Tokio-2020: İlham Zəkiyev də mübarizəyə başlayır

Tarix: 29.08.2021 / 08:39  •   Oxundu: 100 dəfə  •  

Bu gün Azərbaycanın daha 7 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

İDEAL Media.az xəbər verir ki, növbəti yarış günündə əvvəlcə para-atlet Elvin Astanov qüvvəsini sınayacaq. O, nüvə itələmə növündə medal qazanmağa çalışacaq.

100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu olan Raman Saleh bu dəfə 50 metr məsafəyə sərbəst üsulla üzmədə eyni uğuru təkrarlamağa çalışacaq.

Ardınca bütün diqqətlər paracüdoçulara yönələcək. Qadınlardan Dürsədəf Kərimova (+70 kq), kişilərdən isə Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) tatamiyə çıxacaq.

Mübrizəyə 1/4 finaldan start verəcək Kərimovanın rəqibi ukraynalı Anastasiya Harnik olacaq. Abdullaxanlı isə ilk görüşünü Özbəkistan cüdoçusuna qarşı keçirəcək. O, 1/8 finalda Şərif Xəlilovla münasibətlərinə aydınlıq gətirəcək. İkiqat paralimpiya və dünya çempionu Zəkiyev isə 1/8 finalda ABŞ təmsilçisi Cek Hocsonla qarşılaşacaq.

Azərbaycanın digər para-atleti Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsində mübarizə aparacaq. O, finala yüksəlmək üçün öz qrupunda finişə ən azı ikinci çatmalıdır.

Son olaraq isə Azərbaycan pauerliftinqçisi Nurlan Babacanov (97 kq) qüvvəsini sınayacaq.