Bu gün:


Onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı

Tarix: 21.09.2021 / 12:02  •   Oxundu: 166 dəfə  •  

Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən instaqram və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib.

Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, İnstaqram sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri Vatsap ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. İnstaqram sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və nazirliyin Feysbuk şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin Vatsap ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1(mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.