Bu gün:


Bütün yollar bizi Şuşaya aparır .

Tarix: 25.11.2020 / 15:10  •   Oxundu: 201 dəfə  •  

“Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir. Füzuli–Şuşa avtomobil yolu layihəsindən başlayaraq.
Belə ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb. Layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101,5 kilometr, eni isə 37,7 m təşkil edəcək. Yolun əsas hissəsinin eni 21,5 m olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə  əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır. 
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək”.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.