Bu gün:


"Aprelin sonunadək sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaradılacaq..."

Tarix: 07.04.2022 / 10:00  •   Oxundu: 96 dəfə  •  

Xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırıldı...
 
Xəbər verildiyi kimi, Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. 4 saata qədər davam edən görüşdə  9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində, o cümlədən dekabrın 14-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair əldə olunmuş razılaşmaların icrası ilə bağlı məsələlər müzakirə edilib.

İDEAL Media.az xəbər verir ki, Ermənistanın News.am saytı hökumətdəki mənbələrə istinadla belə məlumat yayıb:
"Görüşün nəticəsi olaraq, 2021-ci il noyabrın 26-da Soçidə əldə edilmiş razılaşmaya əsasən, aprelin sonunadək Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Həmin komissiya sərhəd boyu təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələləri ilə məşğul olacaq.
 
Ermənistanın baş naziri və Azərbaycan Prezidenti xarici işlər nazirlərinə iki ölkə arasında sülh danışıqları üçün hazırlıq işlərinə başlamağı tapşırıblar".
 
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir.

“Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb”, - bəyanatda vurğulanır.