Bu gün:


M.Çavuşoğlu: “Ermənilər torpaqlardan çıxmasalar, Azərbaycan ordusu əraziləri geri alacaq”

Tarix: 12.11.2020 / 11:34  •   Oxundu: 132 dəfə  •  

“İşğal edilmiş Azərbaycan torpaqlarının hamısı Azərbaycana veriləcək. Bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var. İmza varsa, bu məsələdə məsuliyyət də var”.
Asmedia.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan yenidən atəşkəsi pozarsa, razılaşmanın şərtlərindən kənara çıxarsa, bunun məsuliyyətini daşımalı olar:
“Bu günə qədər bir neçə dəfə atəşkəsi pozdular. “Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq” desələr, o zaman bədəlini ödəyərlər. Bu günə qədər Tovuz da daxil olmaqla, mülki şəxslərə hücum etdilər.
Burada görünür ki, Azərbaycan qan tökməyə həvəsli deyil. Baxmayaraq ki, Azərbaycanın milli himnində “həm qadirik, həm hazırıq” deyir, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbr edib”.
M.Çavuşoğlu vurğulayıb ki, 30 il başqa dövlətin torpağını mənimsəməyə çalışan Ermənistanın həqiqəti qəbul etməsi psixoloji cəhətdən çətin olacaq:
“Amma bu, birmənalı olaraq qəbul olunmalıdır. Bu, Azərbaycan torpağıdır. 30 ildir bu torpaqlara girib, yaşayıb, öz torpaqlarınız bilirsiniz. Başqa variant yoxdur. Ya könüllü olaraq razılaşmaya uyğun olaraq ermənilər Azərbaycan torpaqlarından çıxacaq, ya da qəhrəman Azərbaycan ordusu öz torpaqlarını bu günə qədər aldığı şəkildə geri alacaq. Ermənistanın başqa şansı yoxdur”.