Bu gün:


Mavaşev: Dünya gücə hörmət edir, Bakı da bunu seçdi

Tarix: 27.09.2021 / 12:39  •   Oxundu: 104 dəfə  •  

Müharibədən bir il keçdikdən sonra Bakı və İrəvan bir çox şeyi yenidən düşünməlidir.

Bu sözləri rusiyalı ekspert, şərqşünas-türkoloq Yuri Mavaşev deyib.

“İkinci Qarabağ müharibəsi mənim anlayışımda Cənubi Qafqazdan çox kənara çıxdı, müşahidəçilərə faydalı dərslər verdi. Bəli, beynəlxalq münasibətlərdə hələ də yalnız güc real əhəmiyyət kəsb edir. Mənim üçün də aydındır ki, bu, Azərbaycanın seçimi deyildi. Bəşəriyyət və dünya belə qurulub ki, yalnız güclülərə hörmət edilir. Azərbaycan xalqı da bu qələbəni öz gücü ilə, uzun illər ərzində əzab-əziyyət çəkməklə qazandı”, — o bildirib.

Ekspertin sözlərinə görə, o, Rusiyada Qarabağ problemini həm ermənilərlə, həm də azərbaycanlılarla çox müzakirə etməli olurdu:
“Deməliyəm ki, tərəflərdən birinə peşəkarcasına rəğbət göstərmək hüququna malik olmasam da, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinin əsaslandırılmasına həmişə təəccüblənirdim. Sizin ölkədə Qarabağın niyə Azərbaycanın olduğunu hər zaman aydın və hüquqi dildə izah edə bilirdilər. Prezidentinizin dediyi kimi, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bu, sadəcə sözlər deyil, bu, öz doğruluğuna dərin inamdır. Ona görə də hətta o vaxt, illər əvvəl praktiki olaraq şübhə etmirdim ki, gün gələcək azərbaycanlılar Qarabağını götürəcək. Belə də oldu. Ermənilərin mövqeyi ilə bağlı heç vaxt normal açıqlama eşitməmişəm. Hər halda, “biz haqlıyıq, çünki haqlıyıq” arqument deyil”.

Y.Mavaşev 44-günlük müharibənin nə ilə yadda qaldığını açıqlayıb:
“Müharibənin özü bəzən iştirak etməli olduğum Rusiya televiziyalarında sonsuz müzakirələrlə yaddımda qaldı. Təbii ki, erməni tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı raketlərdən istifadə etməsi də həmişəlik yadda qalacaq. Sonra da onların boş-boş bəhanələri…
Əslində, hər şeydən əvvəl, İkinci Qarabağ müharibəsi mənim üçün sağlam düşüncənin qələbəsi ilə bitdi”.