Bu gün:


Müharibəni bizə tanıdan 2783 Xudayar

Tarix: 03.12.2020 / 16:48  •   Oxundu: 383 dəfə  •  

Kubra Məhərrəmova yazır..
Nə vaxtsa məndən soruşsalar Vətən müharibəsini bir kəlmə ilə necə təsvir edərsən?
Deyərəm Xudayar!
Niyə Xudayar? Xudayar elə bil bütün döyüşən, şəhid olan, qazi olan oğullarımızın bir insanda cəmlənmiş obrazıdır. Xudayar bütövləşmiş obrazdır. Xudayar hər zaman dastanlarda təsvir etdiyimiz qəhrəmandır. 
Cavan, həyatı sevən, mərd, sədaqətli, güclü, qorxmaz. Mühasirəyə düşən dostunu güllə altında qoymayan. Onu xilas edən. Anasına döyüşə getdiyini deməyən.  Bir sözlə, dastan. 
Belə oğullarımız çoxdur. Evdə, ailədə heç bilməyiblər ki, bu oğullar döyüşə gedib. Bir də xəbər tutublar ki, övladları ya şəhid olub, ya da qazi. 
Elə bütün döyüşən, şəhid olan oğulları Xudayar bizə tanıtdı. 
Çünki döyüş, müharibə bizim üçün Müdafiə Nazirliyinin təqdim etdiyi videolardan ibarət idi. Vurdular, məhv etdilər, bitdi. Biz də həmin videoları sosial şəbəkələrdə paylaşıb, alqış edirdik. 
Biz o cəhənnəmdə olmamışıq. Biz o minatanların, artilleriya atəşinin altında olmamışıq. Biz Bakıda oturub, kofesini içən, humanistlikdən dəm vuran adamlara birgə, sakitcə, kənardan müharibəni izləmişik. 
Xudayarın bir günlük döyüş yolunu keçmişikmi? Onun döyüş yoldaşlarıyla bir gün bərabər piyada yol qət etmişikmi? Ac-susuz, torpağın üstündə yatmışıqmı? Düşmənin içinə kəşfiyyata getmişikmi? Dostunun erməni tərəfindən öldürülməsini görmüşükmü? Qan içində çabalamışıqmı?
Biz bədəni param-parça olan əsgərin bədənini tikə-tikə yığan, onu həyata qaytaran həkimin yanında olmuşuqmu? Sutkalarla yatmayan tibb bacısının qan iyindən nə hala qalmasının şahidi olmuşuqmu? 
Bu dəhşətlər müharibənin bir saniyəlik təsviridir. Sadəcə təsvir. Amma bu uşaqlar, 18-20 yaşında uşaqlar o yola çıxdılar. Sonunda şəhidlik, şərəf, qələbə, qalibiyyət olan yola.  
Sonra da döyüşdən sonra mahnı oxudular, ya da döyüşdən əvvəl. 
İlahi, insanın içində nə qədər Vətən sevgisi olmalıdır ki, ölümə gedən də musiqiylə, mahnıyla gedəsən. Xudayar səsi olmayan əsgər dostlarının səsi oldu, Xudayar Vətən uğrunda şəhid olan 2783 hərbçi oldu, Xudayar başdan-başa Vətən oldu! 
2783 dəfə Vətən sağ olsun deyildi! 2783 yeni dastan yazıldı! 2783 bayraq tabuta büküldü. 2783 dəfə “Şair, sorma nədən Vətən yaxşıdır?” sualı verildi.  
Sonsuza qədər səslənən ritorik sual. 
Döyüşə gülə-gülə, mahnıyla, zarafatla, məğrur, qorxmadan gedən 2783 Xudayar, sizə bir ömür vəfa borcumuz var.  
Bu Vətəni başdan-başa Xudaya yar etdiniz… Hər birinizin qarşısında ehtiramla baş əyirəm.