Bu gün:


Sabiq rektor ölkədən getdi

Tarix: 20.02.2023 / 16:01  •   Oxundu: 220 dəfə  •  

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Idealmedia.az​​​ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesə Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva gəlməyib.
Bundan əvvəl keçirilən prosesdə məhkəmə onun məcburi qaydada gətirilməsi barədə qərar qəbul etmişdi.
Hakim Əli Məmmədov bildirib ki, məhkəmə Dövlət Sərhəd Xidmətindən məlumat əldə edib. Məlumata əsasən, sabiq rektor ölkədən gedib və bu günə qədər geri qayıtmayıb.
Bu məhkəmə prosesində adı hallanan daha bir nəfərin də haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Bu, Elmlər Akademiyasının keçmiş əməkdaşı Fərahilə Babayeva-Şükürovadır. O da ölkəni tərk edib.
Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən Dürdanə Əliyeva Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya çoxsaylı məktub və müraciətlər ünvanlayıb. O, müraciətlərində məhkəmədə işinə obyektiv baxılmasını, ədalətli qərar çıxarılmasını xahiş edib, həmçinin Nurlana Əliyevanın əməlləri haqda məlumat verib, onun məsuliyyətə cəlb olunmasını istəyib.
Hakim bildirib ki, sözügedən məktublar müxtəlif qurumlar vasitəsilə məhkəməyə yönləndirilib və iş materiallarına əlavə olunub.
Daha sonra iş materiallarında olan bəzi sənədlər elan olunub.
İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.
Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Slavyan Universiteti tanınıb.