Bu gün:


Azərbaycanda Jiriinovskini təhqir edənlərin siyahısı genişlənir

Tarix: 11.08.2021 / 18:30  •   Oxundu: 457 dəfə  •  

Bakı Slavyan Universitetində akademik səviyyədə Rusiya dövlət xadimlərini kim və niyə təhqir etmişdir?

Dürdanə Əliyevanın cinayət əməllərinin ifşa olunmasından sonra onun Bakı Slavyan Universitetində qalıb işləyən əlaltıları haqqında redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir.

Dürdanə Əliyevanın Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan imkanlı ailələlərə mənsub tələbələrin avtomobil nömrələrini ötürdüyü ortağının, həmin vaxt Nəsimi rayon Yol polisi idarəsində çalışan Anar Allahverdiyevin bacısı, Bakı Slavyan Universitetində müəllim vəzifəsini tutan Vəfa Allahverdiyevanın pul müqabilində alimlik dərəcəsi alması ilə bağlı yeni və danılmaz faktlar üzə çıxıb.

Qeyd edək ki, adı qeyd olunan komanda içərisində Kəmalə kimi tanınan Vəfa Allahverdiyevanın Fətullah Gülən şəbəkəsinə üzv olduğu iddia edilən videogörüntülər mətbuatda yayımlanmışdır. Məlumat üçün bildirək ki, Gülən şəbəkəsi hazırda Türkiyə Respublikasında terror təşkilatı kimi tanınır.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Vəfa Allahverdiyevanın formal olaraq rəsmi sənədlərdə adı keçən elmi rəhbəri hazırda Bakı Slavyan Universitetində dekan vəzifəsində işləyən Eldar Piriyev olmuşdur. Lakin faktiki olaraq o dissertasiyanın məzmunundan xəbərsiz olmuş, yalnız Dürdanə Əliyevanın xahişi ilə Vəfa Allahverdiyevanın sənədlərinə imzasını atmaqla kifayətlənmişdir. Sözsüz ki, əgər professor dissertasiyanın və xarici ölkələrdə dərc olunan elmi məqalələrin məzmunundan xəbərdar olsa, məsuliyyət hiss etsə idi, bu biabırçılıqlar baş verməzdi.

Həm dissertasiyasında, həm tezislərində, həm də elmi məqalələrində Rusiya siyasi dairələrini hədəfə götürərək Fətullah Gülən ideyalarını sətiraltı təbliğ edən Vəfa Allahverdiyeva Bakı Slavyan Universitetinin qonağı olmuş, Rusiyanın Liberal-Demokrat Partiyasının sədri V. Jirinovskini, həmçinin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovı təlxək adlandıraraq onların azərbaycanlı gənclərin gülüş obyektinə çevrildiyini qeyd etmişdir.

Sözsüz ki, bütün bunlar Azərbaycan Respublikasının xarici siyasətinə təsirsiz ötüşməyə bilməz. Ən azından ona görə ki, Bakı Slavyan Universiteti Azərbaycanda bütün slavyan xalqları ilə, o cümlədən Rusiya ilə ölkəmizin siyasi-mədəni əlaqələrini gücləndirən, dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən ciddi institutdur. Lakin əvvəlki rəhbərliyin səriştəsizliyi və meydanı öz yaxın əlaltılarının ixtiyarına verməsi, sonuncuların 75 illik tarixi olan universiteti çapıb-talaması, özlərinin korporativ maraqları naminə amansız istismar etməsi ilə nəticələnmişdir. Bu azmış kimi, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən və cəmiyyətdə rezonans doğuran bütün hadisələr də məhz həmin dövrdə Bakı Slavyan Universitetində baş vermişdir. Amma bunun baş vermə səbəbləri ilə hələ ki, heç kim heç vaxt maraqlanmamışdır. Nə Azərbaycan Milli Elmlər Akademiyası, nə də Azərbaycan Respublikası Təhsil Nazirliyi məsələ ilə bağlı hələ də rəsmi mövqe nümayiş etdirməmişdir.

Əvəzində isə V.V.Jirinovskinin "Komsomolskaya pravda" radiosunun "İtoqi s Jirinovskim" proqramında Azərbaycan dövlətçiliyinin və onun rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirlər səslənməkdədir V.V.Jirinovskidə qıcıq yaradan insanlar bu gün Bakı Slavyan Universitetində öz əvvəlki fəaliyyətlərini heç nə olmamış kimi davam etdirirlər və Gülən təşkilatının təlimatı əsasında yeni doktorluq mözvuları üzərində işləyirlər. Onların əməllərin acısını isə dövlətimiz, xalqımız və Rusiyada yaşayan soydaşlarımız çəkir. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan Jirinovskinin dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirməsinin kökündə hansı səbəblərin dayandığı daha ciddi şəkildə araşdırılmalıdır.

Özü-özünə Azərbaycanlı gənclərin adından danışmaq səlahiyyəti verən  Vəfa Allahverdiyeva müəllim kollektivi arasında öz biliyinin gücünə alimlik dərəcəsi almasını təkəbbürlü şəkildə dəfələrlə ifadə etsə də, indi məlum olmuşdur ki, o, özünün dissertasiyasını Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədliyə yazdırmışdır. Aslan Məmmədli bu dissertasiyanı pul alaraq yazmışdır yoxsa Anar Allahverdiyevin yüksək vəzifəli qohumun (onun adı başqa faktlarda da hallanır, bu barədə növbəti sayımızda informasiya dərc ediləcək) xahişi yaxud Dürdanə Əliyevanın tapşırığı ilə qələmə almışdır, bu artıq növbəti mövzumuza aid olan məsələlərdəndir. İddialara görə, Anar Allahverdiyevin digər yaxın qohumları dövlətin müxtəlif güc sturkurlarında rəhbər mövqe tuturlar və bir-birləri ilə ailəvi biznes əlaqələri də mövcuddur. Onların adı həmçinin saxta ev alqı-satqısında, bank tərəfindən vətəndaşlardan alınaraq satışa çıxarılan avtomobilləri dəyərindən qat-qat ucuz əldə etməklə külli-miqdarda qazanc götürmələrində Sadıqov Asif Elşad oğlu ilə birlikdə hallanır. 

Sözsüz ki, Anar Allahverdiyev bunları tək yeyə bilməzdi. Bu işdə ona kömək edən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda vəzifə tutan Yadigar Mahmudzadənin də onunla iş birliyində olduğuna dair faktların yer aldığı məqalə yayımlanmağa hazırlanır. Qeyd edək ki, Yadigar Mahmudzadə Anar Allahverdiyevin ailə üzvlərinin və yaxın qohumlarının bir çoxunu ucuz ipoteka mənzilləri ilə təchiz etdiyindən dolayı birincinin yüksək vəzifədə işləyən qohumunun təlimatı ilə İcbari Tibbi Sığortanın Maliyyə müdiri vəzifəsinə gətirilib.

Həm də qiyməti min manatlarla ölçülən dövlət avtomobil nömrə nişanlarının və mobil operator nömrələrinin təchizatı ilə məşğul olub özünə ayrıca biznes quran və internet səhifələrində bunları başqalarının vasitəsilə satışını təşkil edən Anar Allahverdiyev Bakı Slavyan Universitetinin professorlarına hansı məbləğdə "qonorar" vəd etməsini oxucularımızın öz ixtiyarına buraxırırq.

Fotofaktlardan əyani surətdə aydın olur ki, professor Aslan Məmmədli Vəfa Allahverdiyevanın əvəzinə dissertasiyanı qələmə alıb tamamlayaraq ona hazır şəkildə yollamışdır. Özü də dissertasiya müəyyən tarixdən etibarən bir il boyunca lazımi düzəlişləri ilə, yenilənmiş redaksiyalarda mütəmadi olaraq Vəfa Allahverdiyevaya göndərilmişdir. Fotodan aşağıdakılar aydın oxunur:

"Salam, Aslan müəllim! O gün Bela xanım zəng eləmişdi. Məqaləmi soruşdu. Dedim qəbul etmədilər. Aslan müəllimdən də xahiş elədim, kömək elədi, düzəltdi. Yenə də qəbul etmədilər. Yəqin siyasi olduğuna görə. Yenisini yazıram, dedim. Dedi ki ayın axırı gedəcək Moskvaya. Deyəsən 27-si dedi, yadımda dəqiq qalmadı. Dedi ki, yaz ver yenisini. Mən də tapşıracam. Aslan müəllim, ayın axırınacan imkan olar yeni məqaləni göndərmək?"



Yazışmadan da göründüyü kimi müəllif dissertasiyanın siyasi mövzuda yazılmasının fərqindədir və dissertasiyanın mövzusuna uyğun şəkildə yazılmış elmi məqalənin Moskvada dərc edilməməsindən çox qorxur. Lakin məqalə mütləq Moskvada dərc edilməlidir, ehtimal ki, bu siyasi tapşırıqdır.

Rusiya və Azərbaycan dostluğuna zərbə vurmağa hesablanmış siyasi materialları elmi məqalə şəklinə salıb Moskvanın ən nüfuzlu jurnallarında dərc etdirmək şübhəsiz ki, bu işin ciddi təşkilatçıları olmasa, mümkün olmazdı. Həmin təşkilatçıların siyahısı yazı hazırlanandan sonra dərc olunacaqdır. Onlardan biri də Vəfa Allahverdiyevanın elmlər doktoru dərəcəsi almaq üçün Bakı Slavyan Universitetinin Elmi Şurasında onun elmi rəhbəri kimi təsdiq olunacaq professordur.

Növbəti yazışmalarda Qalina Udalıx adlı bir professorun rus səfirliyi və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Bakı ofisinin bəzi nümayəndələri ilə azərbaycanlı müəllimlərə qarşı şovinist mövqe nümayiş etdirdiyi və onun necə vurulması barədə məsləhətləşmələr öz əksini tapır. Yazıda qeyd olunur ki, Q.Udalıx rus və yəhudi əsilli müəllimləri başına yığaraq onları laborant vəzifəsindən müəllim vəzifəsinə keçirir, azərbaycanlı müəllimlər isə bilərəkdən kənarda saxlanılır. Vəfa Allahverdiyeva tezliklə professor dərəcəsini alaraq Qalina Udalıx və onun yaxın çevrəsini kafedradan "süpürəcəyi" günün uzaqda olmadığını qeyd edərək bu barədə professor Aslan Məmmədlini arxayın salır.

Biz bütün yazışmaları dərc edib mövzudan kənar çıxmaq istəmirik. Məsələn, yazışmalarda hansısa elmi şöbədə işləyən Sevinc adlı bir xanımın saçını qısa kəsdirməsi, nə üçün indiyədək ailə qurmamasının səbəbləri, onun məşhur rus nağıl filmindəki Marfuşaya bənzədilməsi, hesab edirik ki, oxucuya maraqlı olmaz.

Lakin oxucuya Bakı Slavyan Universitetinin Azərbaycan dilinin tədrisi metodikası kafedrasının dosenti, hazırda elmlər doktoru proqramı üzrə müdafiəyə hazırlaşan Sevil Hümmətovanın Vəfa Allahverdiyevanın xalası olduğu faktı maraqlı ola bilər. Çünki Sevil Hümmətova da bacısı qızı kimi dissertasiyasını başqa birisinə yazdırıb yalançı alimlik dərəcəsi əldə edənlərdəndir. Tələbələrə müəyyən şərtlər əsasında qiymət yazmaq, bakalavr dərəcəsi belə olmadığı halda Anar Allahverdiyevin köməkliyi ilə işə götürülən Məryəmxanım Hüseynovanın əli ilə universitet əməkdaşlarını şantaj etməklə məşhurlaşan Sevil Hümmətova həmin universitetin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, tələbələrin pulunu mənimsəməkdə ittiham edildiyi üçün adına cinayət işi açılmış Dürdanə Əliyevanın ən yaxın əlaltılarından birinin olması kollektivə yaxşı məlumdur.

Sevil Hümmətova alimlik dərəcəsi almaq üçün elmi məqalələrini, metodik vəsaitlərini Dürdanə Əliyevanın şəbəkəsinə daxil olan universitetin digər müəllimlərinə yazdırdığı barədə iddialar da nəhayət ki, öz təsdiqini tapır. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti Akif Güləli oğlu Məmmədovun Sevil Hümmətova üçün qələmə aldığı məqalələri misal kimi göstərmək olar. 

Dürdanə Əliyeva xarici ölkələrdə elmi məqalə dərc etdirmək istəyən doktorant və dissertantlardan külli-miqdarda vəsait əldə etdiyi bildirilir. Bu məsələdə ona köməm edən Sevil Hümmətova impakt-faktorlu elmi nəşrlərdə məqalə dərc etdirmək adı altında müəlliflərdən yüksək məbləğdə pulların yığılmasında iştirak etdiyi və bacısı qızı Vəfa Allahverdiyevanın adına xarici nəşrlərdə dərc olunmasında Dürdanə Əliyevadan istifadə etməsi bu qəbildən olan məlumatlar sırasındadır. İmpakt-faktorlu jurnalların PDF versiyasını redaktə edərək vətəndaşların məqalələrini həmin jurnala salıb "dərc olundu" adı altında pullarını mənimsəyən bu şəbəkə vasitəsilə aldadılan vətəndaşlara artıq susmamalarını tövsiyə edirik.

Dürdanə Allahverdiyevanın cinayət məsuliyyətinə cəlb olunması və azadlığının məhdudlaşdırılmasından sonra (Dürdanə Əliyevanın azadlığının yumşaldılaraq qismən məhdudlaşdırılaraq ev dustaqlığı ilə əvəzlənməsində Sevil Hümmətovanın bacısı oğlu Anar Elxan oğlu Allahverdiyevin böyük rolu olduğu bildirilir) Sevil Hümmətova saxtakarlğına haqq qazandırmaq üçün son dövrdə bir dəb halını almış  sui-istifadə vasitəsinə - şəhid ailəsinə mənsub olmasını əlində bayraq edib öz çirkin əməllərini bu müqəddəs ad altında pərdələməyə çalışması, bu adın arxasında gizlənərək öz saxtakarlğını davam etdirməsi və törətdiyi bəd əməllərə haqq qazandırması, hesab edirik ki, cəmiyyətimiz tərəfindən qəbul olunan ictimai və mənəvi əxlaq normalarına ziddir. Belə müəllimlərin tələbələrə təlim, tərbiyə və təhsil verməsi də qəbulolunmaz haldır. Hər bir Azərbaycanlı ailəsində mütləq bir Qarabağ qazisi var. Şəhid verən ailələrin də sayı xeylidir. Amma bütün bunlar dələduzluğa bəraət qazandıran səbəb ola bilməz.

Sevil Hümmətovaya elmlər doktoru dərəcəsi verdirmək üçün onun dissertasiyasını Anar Allahverdiyevin tapşırığı əsasında respublikanın məşhur alimlərindən, Pedaqogika elmləri doktoru Fərrux Rüstəmova yazdırdığını isbat edən səs yazılarının olduğu da iddialar sırasındadır.

Daxili İşlər Nazirliyi orqanı əməkdaşının tapşırığı əsasında dissertasiya yazan, bu sahədə monopoliyasını yaradan, rus müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etməklə kitab çap edən və bunu tələbələrə "samballı elmi əsər" adı ilə satıb dələduz şəbəkəyə külli-miqdarda qazanc gətirən, Dürdanə Əliyevanın tapşırığı ilə Bakı Slavyan Universitetinin bir sıra əməkdaşları üçün yüksək məbləğ müqabilində irihəcmli elmi işləri qələmə almaq sadəcə biabırçılıq və dövlətin qanunlarını saymamazlıqdır.

Gültəkin Hacıbəyli