Bu gün:


"Televiziyalarda köklü dəyişikliklərin vaxtıdır" - "Rəhbərləri isə pul maraqlandırır"

Tarix: 02.04.2023 / 15:20  •   Oxundu: 112 dəfə  •  

Telekanallarda ideoloji iş sıfırın altındadır. Tək-tük verilişlərdə verilən mesajlar isə “Bir güllə bahar olmaz” fikrindən o yana keçmir. Tam səmimi deyirəm, nə yaxşı ki, sosial mediada, onlayn qəzetlər və aparıcı xəbər agentliklərində peşəkarlar var. Televiziyaların ümidinə qalsa idi, ölkə təbliğat və təşviqatda sözün əsil mənasında itib-batardı.
İran məsələsində bəzi aparıcıların suflyor vasitəsilə hazır yazılmış mətnlərin oxumasını mənim gözümə soxmayın. Bilirəm, nədən danışıram. Əksəriyyət mənimlə razılaşar ki, 44 günlük müharibə ilə bağlı hazırladığınız bir çox verilişlər, proqramlar, süjet və reportajlar cansıxıcı və sxolastik olmaqla yadda qalıb. Bu mənada sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda daha çox maraqlı yazı və video-çarxlar çəkilib, nəinki televiziyalarda. Çünki peşəkarların çoxu ya vəlvələdən, ya da ki zəlzələdən tv-lərdən uzaqlaşdırılıb. Əksəriyyəti ya dövlət qurumlarında mətbuat katibləri olub, ya hansısa piar şirkətləri yaradıb, ya da başqa sahələrə axın ediblər. Beləcə ümid qalıb, qeyri-peşəkarlara. Onlara verilən tapşırıqların icrası isə göz qabağındadır.
Tv rəhbərlərini isə əsasən pul maraqlandırır. Ona görə də onlar xəbər siyasətinə, proqramların tərtibinə (efir setkası), mövzuların dərin həllinə, texniki heyətin düzgün səfərbər edilməsinə çoxdan tüpürüblər. Məsələn, Rövşən Məmmədov televiziyada “kreativ” hərəkatın əsasını qoymağa cəhd etsə də, keyfiyyətli vizual tərtibat mərhələsindən sonra heç bir uğurlu nəticə əldə edə bilmədi. Onun zamanında məktəb kimi formalaşmış ənənələrin üstündən xətt çəkildi, onun yeri isə doldurulmadı. Beləliklə, dövlətin ideoloji siyasəti təhlükə altına salındı. Atv, Xəzər və başqa tv-lərdə isə başqa biabırçılıqlar baş verirdi. Murad Dadaşov və Vado kimi KVN-şiklərin təyinatı isə onu deməyə əsas verir ki, hələ uzun müddət bu sahədə islahatlar baş verməyəcək.
Bu isə o deməkdir ki, yad dəyərlər canfəşanlıqla mentalitetimizə sırınmaqdadır. Nəticə isə iyrəncdir. Mənəvi dəyərlərin aşındığı bir məqamda böyük efir məkanında hegemonluq edən bu televiziyalar sosial şəbəkələrin imkanlarından daha geniş şəkildə istifadə etməklə, zərərli ideyaları effektiv şəkildə istehsal etməkdədirlər. Onlara heç “dur” deyən də yoxdur. Bununla bağlı yazılan tənqidi materiallara görə isə müəlliflər külli miqdarda cərimə kəsən məhkəmələrlə hədələnirlər. Bu isə ona gətirib çıxarır ki, bütün münasibətlərin bazar prinsiplərinə əsaslanması ilə bağlı düsturlar təbliğ edildiyi üçün “Vətən, millət sakarya” kimi çağırışlar əks-effekt yaradır, təsirli olmur, əksinə ideoloji vakuumda boğulur. İnsafən İtv telekanalı müəyyən cəhdlər edir. Amma rəqabət şərtləri onlara da tam meydan vermir.
Maraqlıdır, görəsən, ölkəmizdə əhəmiyyətilə seçilən mövzulara həsr edilən video-kontektlər, bədii film və tele – tamaşalar, piarda köhnəlməyən metodlardan olan video-çarxların kütləvi istehsalı nə zaman baş verəcək? Bu sahədə sistemli ideoloji keçidin baş verməsi üçün kim hərəkətə keçməlidir? Xanımlar və cənablar, gəlin başlayaq. Ordumuz həmişə döyüşə hazır vəziyyətdədir. Televiziyaların içində də köklü dəyişikliklər üçün səfərbərlik elan etməyin vaxtıdır. Bacarıqsız rəhbərlər dəyişilməli, televiziya “generallar”ından ibarət işçi qrup yaradılmalı, bu sahənin tam dəyişilməsi üçün yeni konsepsiya hazırlanmalıdır.