Bu gün:


Gömrük Komitəsindən vəkilin iddialarına CAVAB

Tarix: 21.07.2023 / 11:21  •   Oxundu: 91 dəfə  •  

Dövlət Gömrük Komitəsi vəkil Aqil Layıcın iddialarına aydınlıq gətirib.
 
İDEAL xəbər verir ki, Aqil Layıc sosial şəbəkədəki şəxsi profilindən özünün adına ünvanlanan bağlamaların alınmasında gömrük orqanları tərəfindən yaradılan çətinliklərə dair narahatçılığını bildirib.
 
Qeyd edilən fakt üzrə araşdırma aparılıb, məsələnin sosial şəbəkədə paylaşılan məlumatdan fərqli olduğu müəyyənləşdirilib.
 
"Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, vətəndaş tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə onlar bir bağlamada “Smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilib. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olmuş və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülüb.
 
İnvoys dəyəri 1469 tl təşkil edən  və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 tl olmaqla bəyan edilib. Bu səbəbdən invoys dəyəri 1469 tl təşkil edən bağlamanın gömrük orqanına 1 tl dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaradıb və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılıb,  daşıyıcı şirkətə və vətəndaşa bu barədə “Smart customs” tətbiqi üzərindən bildiriş göndərilib.
 
41 gün sonra vətəndaş gömrük orqanına müraciət edib, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunub.
 
Beləliklə, vətəndaş Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş verib.
 
Bununla əlaqədar gömrük orqanlarına aid olmayan saxlanca görə isə ödəniş yaranıb", - deyə Komitənin yaydığı rəsmi açıqlamada bildirilib.