Bu gün:


Azərbaycanda 14 yaşına kimi olan uşaqlara 100 manat "uşaq pulu" veriləcək?

Tarix: 06.02.2024 / 11:47  •   Oxundu: 86 dəfə  •  

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanda "uşaq pulu"nun nə zamansa yenidən bərpa olunmasıdır. Bu məsələ dəfələrlə Milli Məclisdə də qaldırılıb. Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda "uşaq pulu" verilmir.
Hazırda səsləndirilən təkliflərdən biri də 14 yaşına kimi olan uşaqlara 100 manat "uşaq pulu"nun verilməsidir.
Bununla bağlı İDEAL-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu məsələ demək olar ki, hər dəfə Milli Məclisdə də müzakirə olunur və deputat həmkarlarım bununla bağlı təkliflərini irəli sürürlər:
"Bilirsiniz ki, ölkədə uşağın anadan olmasına görə sosial müavinət 500 manata qaldırılıb.Bu gün dövlətimizin qarşısına qoyduğu əsas məqsəd insanlarımızın sosial durumunun yaxşılaşması, firəvan yaşaması, uşaqlarımızın sağlam və xoşbəxt böyüməsini təmin etməkdir. Bu istiqamətdə cənab prezident İlham Əliyevin hər il sərəncam və fərmanları olur. Qaldı ki "uşaq pulu" məsələsinin bərpasına bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır. Əlbəttə hər kəs kimi mən də istəyirəm bərpa olunsun. Xüsusilə də aztəminatlı ailələr üçün. Hər bir valideyn istəyir ki, övladı yaxşı yesin və geyinsin. Bəzən maddi sıxıntılara görə ailədaxili problemlər yaranır. Uşaqlar üçün lazım olan qida, geyim və digər şeylər alınmayanda valideynlər arasında mübahisələr yaranır. Ən çox da 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları olduqca bahadır. Ən azından uşaqların ehtiyaclarının bir hissəsinin ödənilməsi üçün aztəminatlı ailələr üçün "uşaq pulu" bərpa edilə bilər.
Deputat vurğulayıb ki, son qərarı dövlət verir:
"Biz ancaq təklif və fikirlərimizi deyə bilərik. Unutmaq lazım deyil ki, bu gün dövlətimiz üzərində yük olduqca çoxdur. Soydaşlarımız öz doğma yurdlarına geri qayıdır. İşğaldan azad olunmuş rayon və şəhərlərdə böyük quruculuq işləri aparılır. Ən müasir infrastrukturlar qurulur. Bu da təbii ki, böyük məbləğdə vəsait tələb edir".