Bu gün:


Beş medalla təltif edilən 22 yaşlı şəhidimiz

Tarix: 02.01.2021 / 11:14  •   Oxundu: 160 dəfə  •  

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Bununla da 30 illik həsrət sona çatdı. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2823 hərbi qulluqçusu həlak olub.
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Nəcəfov Etibar Mehman oğludur.

Qəhrəmanımız 14 noyabr 1998-ci il tarixində Ağcabədi rayonunun Aran kəndində anadan olub. 2005-ci ildə Laçın rayon Aran kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub və 2014-cü ildə doqquz illik məktəbi bitirdikdən sonra təhsilini Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbində davam etdirib.

Etibar Nəcəfov 2016-cı ildə orta məktəbi başa vurub. O, uşaq yaşlarından idmana böyük maraq göstərərək, karate və kikboks idman növləri ilə məşğul olub, keçirilən yarışlarda birincilik qazanıb. 
2017-ci il yanvar ayının 5-də müddətli hərbi xidmətə yola düşüb. Xidmətini öncə Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib.
 
Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından tərxis olunub.
Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda, mülki həyatda öz nizam-intizamı ilə seçilərək, ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanıb. Etibarı tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər.
 
Etibar Nəcəfov 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində ordumuzun əks-hücum əməliyyatlarından sonra buna biganə qalmayaraq, ölkəmizin müdafiəsi naminə könüllü olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət etsə də, çağrılmayıb.
Dövlət Xidmətindən geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilib və orduya çağırılıb.
Məhz elə 2020-ci il oktyabrın 1-dən Etibar döyüş bölgəsinə - Vətənin müdafiəsinə yollanır.

Həqiqi hərbi xidmətini o bölgələrdə keçmiş, xüsusi təlimlər almış Etibar döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Onun döyüş yoldaşları Etibarın qəhrəmancasına vuruşmasından, cəsarətindən, qorxmaz və dönməzliyindən ürək dolusu danışırdılar.
Məhz cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər aparıb. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı uğrunda olub, o, böyük qəhrəmanlıq və igidlik göstərib.
Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışıb. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda o, atasına Qubadlı istiqamətində olduğunu deyir.
Atası bundan sonra haraya gedəcəklərini soruşduqda, Etibar “Allah qoysa qayıdanda deyərəm, heç bir narahatlıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir. Son cümləsi isə “Anama deyin, narahat olmasın” olur. 

Etibar Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. 
Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.