Bu gün:


DSX Qubadlıda yeni hərbi hissə açdı

Tarix: 01.04.2021 / 19:08  •   Oxundu: 177 dəfə  •  

Respublikasınınərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silah­lı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən İdeal Media.az-a verilən məlumata görə, aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layi­qin­cə gələcəklərinə əminlik ifadə olunmuşdur.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçirmişlər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilmişdir.


Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunmuşlar.