Bu gün:


AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏN ERMƏNİSTANA MÜHÜM MESAJ

Tarix: 09.04.2021 / 13:23  •   Oxundu: 193 dəfə  •  

''Bizdə belə bir gözəl bir söz var: Rabitəsiz müharibə olmaz. Etibarlı rabitə sistemi təşkil edilməyən müharibədə qələbə qazanmaq mümkün deyildir.Yəni etibarlı rabitə sisteminin təşkil edilməsi müharibədə həyati önəm daşıyır.''

Bu açıqlamanı  İDEAL Media.az-a  müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

General bildirdi ki, 6-8 aprel tarixlərində Azərbaycan və Türkiyə hərbiçilərinin iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri xüsusi əhəmiyyətə malikdir.

"Təlim müddətində rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə vəzifələri yerinə yetiriblər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər, həmçinin vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra olunub.

Bununla yanaşı, Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir''.

Yücel Karauz bildirdi ki, təlimlər zamanı iki ölkənin müdafiə nazirləri Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyini növbəti dəfə nümayiş etdirdilər.

"Təlimlər əsnasında - aprelin 7-də təlimin idarəetmə məntəqəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birbaşa videobağlantı əlaqəsi yaratdı. Müzakirələrdə Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndirildi. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına uğurlar arzuladılar''.

Dostluq və qardaşlığa əsaslanan birgə təlimin, hərbi əməkdaşlığın yüksək səviyyəyə çatması baxımından dünyaya bir mesaj olduğunu deyən keçmiş hərbi ataşe Türkiyə-Azərbaycan Birgə Monitorinq Mərkəzinin fəaliyyət ilə bağlı da məlumat verdi.

"Birgə Monitorinq Mərkəzi ilə bağlı bundan sonra Türkiyə ilə Azərbaycan kordinasiyalı fəaliyyəti davam etdirəcəklər. Əminəm ki, cənab prezidentlər İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın qətiyyətindən güc alan ordularımız hazırda tarixinin ən yüksək səviyyəsinə gələn Türkiyə-Azərbaycan qardaşlığının daimi olması üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəkdir.
Birgə Monitorinq Mərkəzində dalğalanan türk bayrağı Azərbaycanın dəmir yumruğunun bir daha hər kəsə xatırladılmasının bir örnəyi olacaqdır".