Bu gün:


Şəhid ailəsi Gömrük soyğunçularından Prezidentə və İdeala şikayət etdi...

Tarix: 21.05.2021 / 18:19  •   Oxundu: 229 dəfə  •  

Kəlbəcər Rayonundan məcburi köçkün, hazırda Bakı Şəhəri Xətai Rayon Telnov 2347, ev 2, mənzil 3 ünvanında müvəqqəti məskunlaşmış Balaxanova Yazgül Dadaş qızı Prezident İlham Əliyevə və İDEAL Qəzet Redaksiyasına müraciət ünvanlamışdır.
Müraciəti ixtisarla diqqətinizə çatdırırıq:
 
“Bildirirəm ki, mənim həyat yoldaşım Balaxanov Surxay Mürsəl oğlu, Kəlbəcər rayonu Polis Şöbəsində polis nəfəri kimi xidmət etmiş, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. İki övladım var. Özüm və övladlarım heç yerdə işləmirik, II qrup əliləm.
 
Möhtərəm cənab Prezident!

Sizin şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqətiniz, onların maddi təminatlarının yaxşılaşdırılması istiqamətində apardığınız sosial siyasətinizin nəticəsi olaraq  göstərişinizlə biz şəhid ailələrinə 11000 (on bir min) manat pul vəsaiti ayrılmışdır. 

Mən də, bunu fürsət bilərək həmin pulla, yəni 10000 (on min) manata Gürcüstan Respubliksından bir ədəd 2007-ci il buraxılışlı “Ford Transit” markalı avtomobil alaraq Azərbaycana gətirtmişəm. Məqsədim həmin avtomobili oğlum Balaxanov Surxay Surxay oğlunun idarəsinə verərək ailənin maddi tələbatını qismən də olsa ödəməkdir.  

Avtomobili Azərbaycan Respublikasında Gömrük qeydiyyatından keçirərkən məndən həmin avtomobilə görə 12000 manat gömrük haqqı istədilər. Mən onlara şəhid ailəsi olduğumu deyərək bunu təsdiq edən sənədləri təqdim etdikdən sonra, şəhid ailəsi olduğuma görə “güzəşt edərək” məndən 10500 manat gömrük haqqı istəyirlər. 
  
Artıq 21 gündür ki, avtomobil Gömrükdə qalıb və hər günə görə mənə cərimə yazırlar. Belə getsə avtomobili cərimələrin hesabına gömrük orqanlarına verməli olacağam. 

Sizdən xahiş edirəm ki, qarşılaşdığımız rüşvət və bürokratizm probleminin aradan qaldırılması istiqamətində köməkliyinizi əsirgəməyəsiniz!”    
          
P.S. Gömrük Komitəsi rüşvət ödəmədən mövqeyini bildirə bilər.
 
 
İnci  Osmanqızı