Bu gün:


Kremlin Türkiyə yasağı Rusiya şirkətlərinə milyonlarla zərər vurub

Tarix: 05.06.2021 / 14:42  •   Oxundu: 171 dəfə  •  

Ankaranın Kiyev ilə ilə yaxınlaşması Kremllə münasibətlərinin korlanmasına gətirib çıxardı. Rusiya o qədər qəzəblidir ki, iki aydır Türkiyə ilə hava əlaqəsini bərpa etmir. Moskva öz aləmində Ankaraya iqtisadi sanksiya tətbiq etdiyini düşünür. Halbuki Rusiyanın turizm şirkətləri bundan heç də az zərər görmür.

Kremlin Türkiyəyə tətbiq etdiyi qadağa rus şirkətlərinə təxminən 400 milyon dollara başa gəlib. Şimal ölkəsində 30 milyard rubldan danışılır. Rusiya Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova qərarın şirkətlərə çox böyük zərər yetirdiyini gizlətməyib. O, NTV telekanalına müsahibəsində təxminən 1 milyon ölkə vətəndaşının əvvəlcədən turpaketlərin dəyərini ödədiyini, amma indi çətin vəziyyətə düşdüyünü bildirib. Doquzova həmin şəxslərin iyulda istəyinə çatacağına ümid etdiyini söyləyib.

Rusiyanın böyük turizm şirkətlərindən sayılan “Tez Tour”un direktoru Yelizaveta Timoşenko müştərilərin çaş-baş qaldığını deyib. Onun sözlərinə görə, çoxsaylı suallara cavab verməyə çətinlik çəkirlər. Çünki müştərilərə konkret söz demək olmur.

Rusiya Turizm Opreatorları Assosiasiyasının rəhbəri Dmitri Qorin Türkiyədə istirahəti əvvəlcədən planşlaşdıranların 60 faizinin səfəri təxirə salmağa razı olduğunu bildirib. Amma böyük əksəriyyət tamamilə imtinanın tərəfdarı deyil.

“OneTwoTrip”in mətbuat xidmətinin rəhbəri Yelena Şelexova mətbuata açıqlamasında müştərilərin əksərinin məhz Türkiyəyə getmək istədiyini qeyd edib: “Ruslar ailəvi istirahət üçün daha çox Türkiyəni seçirlər. İyun-avqust ayları üçün alınan biletlərin 19.4 faizi bu ölkənin payına düşür. Açığı, çoxu inanır ki, yaxın gələcəkdə Türkiyə ilə hava əlaqəsi bərpa olunacaq”.

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə aprelin 10-da səfər etmişdi. Hələ buna qədər bizim qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğan Kiyevə dəstək mesajları vermişdi. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alandan sonra Kremlin qəzəbi hiss olunurdu. Zelenskinin səfərindən sonra Moskva Ankaranı cəzalandırmaq qərarına gəldi. Əvvəlcə mayın 31-dək Türkiyə ilə hava əlaqəsinin kəsildiyi açıqlandı. Səbəb kimi burada virusa yoluxanların sayının çoxluğu göstərildi. Mayın son günündə müddət daha üç həftə uzadıldı.