Bu gün:


Azərbaycanlılar Xankəndidəki erməni evlərini ala bilməz

Tarix: 26.06.2021 / 10:08  •   Oxundu: 179 dəfə  •  

Erməni deputatların azərbaycanlıların Xankəndidəki ermənilərə zəng edərək, onlara evlərini satmalarını təklif etməsi ətrafında başlatdığı kampaniya yüksək səviyyədə davam edir.

Bu prosesə erməni mediası, siyasi ekspertləri də qoşulub və cidd-cəhdlə bu “psixoloji təzyiq”i izah etməyə çalışırlar.

İlk baxışda belə bu kampaniyanın yalan olduğu açıq-aşkardır.

Əvvəla, azərbaycanlılar ermənilərlə heç bir kontakt saxlaya bilməzlər – nə sözügedən ərazilərə hələ azərbaycanlıların köçü başlayıb, nə ermənilərlə hər hansı əlaqə var, nə də telefonları. Azərbaycanlılar ermənilərin hansı nömrəsinə zəng edirlər?

İkincisi, azərbaycanlılar Xankəndidən ev almaq istəsəydi, bunun üçün Xankəndidə satışa çıxarılan çoxsaylı evlərə müştəri çıxardılar. O evlərin sahiblərinin bir çoxu hətta Rusiya nömrəsini qeyd edirlər və bunu qəsdən edirlər, çünki bilirlər ki, müştəri yalnız azərbaycanlı ola bilər. Onlar azərbaycanlılarla Rusiyada görüşüb evlərini satmaq istəyirlər. Ancaq belə bir alğı-satqı ilə bağlı bircə fakt belə yoxdur. Halbiki 44 günlük savaşdan sonra Xankəndidə ev satan ermənilərin sayı kəskin artıb, evlər isə ucuzlaşıb.

Üçüncüsü, Xankəndidəki evlər hələ Azərbaycanın texniki inventarlaşmasına alınmayıb, sənədsiz, “gecəqondu”dan başqa bir şey deyil. Xankəndidəki evlərin “sənədi” qondarma, saxta, heç bir hüquqi əsası olmayan qurumun verdiyi yalançı kağız parçasıdır. O kağız parçası ilə heç bir alğı-satqı mümkün deyil. Xankəndidə ev almaq üçün ilk növbədə həmin evlər Azərbaycanın müvafiq qurumları tərəfindən qeydə alınmalı, onlara çıxarış verilməlidir.

Dördüncüsü, azərbaycanlılar niyə Xankəndidə erməni evləri almaq istəsinlər ki? Xankəndidən qovulan azərbaycanlıların orda minlərlə evi var və xankəndililər öz evlərinə qayıtmaq şansı əldə ediblər. Azərbaycan dövləti və Azərbaycan Ordusu özü o məcburi köçkünlərin evlərinə yerləşdirilməsini təşkil edəcək – necə ki, digər ərazilərdə hazırda bununla məşğuldurlar və s.

Bəs, ermənilər bu yalanı niyə dövriyyəyə buraxıblar və böyük kampaniyaya çeviriblər?

Ona görə ki, hazırda Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında cəmi 30 minə yaxın erməni qaytarılıb-məskunlaşdırılıb. Bu rəqəmi Qarabağdakı baş separatçı Araik Arutyunyan da qismən təsdiqlədi. Bildirdi ki, Qarabağda 35 minə yaxın erməni var.
Xatırlayaq ki, ermənilər Birinci Qarabağ savaşını başladanda Qarabağda yaşayan ermənilərin sayı 145 mindən çox idi, 27 sentyabr 2020-ci ilə qədər isə onlardan cəmi 60 min nəfər qalmışdı. Erməni rəhbərlərin Qarabağda yaratdığı cəhənnəmdə, heç bir iqtisadi, siyasi perspektivi olmayan yerdə yaşamaq istəməyən ermənilərin böyük hissəsi 29 il müddətində köçüb getmişdi. İkinci Qarabağ savaşından sonra isə ora qaytarılanların sayı 30 mindir. Geri gətirilənlərə həftədə 5 kq pulsuz ərzaq verilməsinə, onların mənzillərinin təmir edilməsinə, pulsuz səhiyyə xidməti göstərilməsinə, üstəlik, qayıdanların hər birini aylıq Ermənistanda qalanlardan ikiqat artıq müavinət ödənilməsinə (evlərinə qaytarılanlara belə qaçqın müavinəti verilir – red.) və s. baxmayaraq, ermənilər nəinki Qarabağa qayıtmaq istəyir, hətta Ermənistanda belə yaşamaq niyyətində deyillər. Pandemiyaya və sərhədlərin qismən bağlı olmasına baxmayaraq, Ermənistandan hazırda kütləvi miqrasiya olduğunu erməni rəsmi mənbələri təsdiqləyir.

Qarabağdakı 30 min erməninin də böyük əksəriyyəti burda qalmaq istəmir və köçməkdə qərarlıdırlar. Xankəndidə evlərin satışının kütləviləşməsinin də səbəbi budur. Erməni eksperlərinin özləri rus sülhməramlılarının xidmət müddəti başa çatana qədər – 2025-ci ilin noyabrı – Qarabağda ermənilərin barmaqla sayılacaq qədər qalacağı haqda rəylər bildirirlər.

Erməni siyasilər də bu kampaniya ilə Azərbaycanın Qarabağ bölgəsindən miqrasiyanın “siyasi bazasını” yaratmağa çalışırlar. Guya bunun səbəbi azərbaycanlıların təzyiqi, psixoloji hücumudur.

Digər səbəb isə bundan istifadə edərək, erməni diasporundan və böyük dövlətlərdən növbəti yardım kampaniyası dilənməkdir. Milli hissləri oyatmaq, “türk düşmənçiliyi” ideologiyası ilə ermənilərin Xankəndidən miqrasiyasının qarşısını almağı da hədəfləyirlər.

30 il müddətində dəyişməyən bu yanlış siyasət, əlbəttə ki, bəhrə verə bilməz. Əgər versəydi, “qalib” olduqları vaxt Qarabağdakı ermənilərin sayı 145 mindən 60 minə, Ermənistandakı ermənilərin sayı isə 3,5 milyondan 1,8 milyona düşməzdi.

Xankəndidə azərbaycanlılar öz evlərini pul verib ala bilməzlər və buna heç bir ehtiyacları da yoxdur. Biz Xankəndiyə qayıdıb, evlərimizi zəbt edənlərdən hüquqi yolla yurdlarımızı geri alacağıq - əlbəttə, əgər o vaxta qədər orda erməni qalsa...