Bu gün:


VƏTƏN mənə oğul desə nə dərdim !

Tarix: 13.07.2021 / 10:13  •   Oxundu: 222 dəfə  •  

Şəkildə gördüyünüz bu cavan oğlan İlyaslı Elşən Rövşən oğludu (tel: 077-393-03-23). Şəki rayonunda doğulub, ali təhsillidi, hal-hazırda 700 manat maaşla "Avromed" şirkətində işləyir.

Elşən 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdı. 44 günlük Savaşda da könüllü döyüşmək üçün ərizə versə də, tibb sahəsində çalışdığı üçün onu döyüş bölgəsinə aparmadılar.

Elşən evlidi, bu günlərdə üçəm doğulan uşaqları dünyaya gəldi. Düzdü, o işləyir və kifayət qədər maaş alır. Ancaq Elşən və ailəsi kirayə evdə yaşayırlar, aldığı maaşın tən yarısı ev kirayəsinə gedir. Bundan başqa, hər ay 400 manat bank krediti ödəmək məcburiyyəti ilə üz-üzə qalıb. Belə ki, Elşən uşaqlarının doğuş xərclərini ödəmək üçün kredit götürməyə məcbur olub. Götürdüyü kreditin tamamını EC klinikası deyilən  xəstəxanaya köçürüb. Onun belə bir bahalı xəstəxana seçməsinin başlıca səbəbi o olub ki, digər klinikalar risk edib doğuşu gerçəkləşdirməyi öz boyunlarına götürməyiblər.

Xülasə, Elşənin klinikaya ödədiyi pul yalnız doğuşu gerçəkləşdirmək və ana və uşaqlarının 1 gün orada saxlanması üçün yetərli olub. Bundan sonra hər gün üçün 1000 manat pul istənilib. Doğuşun üçəm olması və vaxtından tez gerçəkləşməsi (8 aylıq) onların bir müddət xəstəxanada, "yarımçıq doğulmuşların retinopatiyası" üçün küvəz deyilən xüsusi aparatda saxlanması vacib şərtdi. Yuxarıda da qeyd etdiyim kimi, özəl klinika olan EC klinikasında bu aparatın bir günlük qiyməti 500 manatdır və 3 uşaq birlikdə 1500 manat edir. Klinikadan güzəşt edərək 1000 manat istəyiblər. Lakin kirayədə yaşayan və aylıq qazancı yalnız ev kirayəsinə və bank kreditlərinin ödənməsinə bəs edən Elşənin heç bir əlavə maddi imkanı yoxdur ki, deyilən məbləği ödəyə bilsin. Bu səbəbdən də o, yeni doğulmuş uşaqları və xəstə xanımını daha az maliyyətli OMD Xəstəxanası kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürməyə məcbur olub. Tutaq ki, dost-tanışları, qohumları bu xəstəxananın xərclərini ödəməyə ona kömək etdilər. Bəs sonrası, Elşən bu uşaqları necə saxlayacaq, necə böyüdəcək? Onun maaşının tamamı kirayəyə və bankın borcunun ödənməsinə gedəcək.

Mən bütün gecəni aidiyyatı sahə üzrə qanunvericilik aktlarını ələk-vələk etdim və əfsuslar olsun ki, qanunvericiliyimizdə üçəm doğulan uşaqlarla bağlı hər hansı bir anlayış mövcud deyil. Yəni, Elşən qanuni olaraq dövlətimizdən hər hansı bir imtiyaz uma bilməz. Ancaq yazılmamış qanunlar var və bildiyim qədərilə Heydər Əliyev Fondu, konkret olaraq sayğıdəyər I Ledi Mehriban xanım bu cür durumlara şəxsən əl qoyur və onlara lazımınca yardım göstərir. 

Qeyd etdiyim kimi, Elşən Aprel döyüşlərinin iştirakçısıdı, son savaşa da qatılmaq üçün can atıb. Ona döyüş bölgəsində qəfil düşmən gülləsi də dəyə bilərdi və şəhid olardı. Ancaq taleyin qisməti elə gətirib ki, o, şəhid yox, qazi olub. Sonra evlənib, indi də 3 uşağı dünyaya gəlib. Ümid edirəm ki, mənim bu yazdıqlarım aidiyyatı qurumların diqqətini çəkəcək və əlaqəsi olan şəxslər vəziyyəti Mehriban xanıma izah edəcəklər. Heç bir şübhəm yox ki, o, bu vəziyyəti bilsə mütləq Elşənə yardım əlini uzadar. Elşən bu torpaqlar üçün vuruşub, dövlətimiz də onu çətin vəziyyətdə qoymamalıdı. Dövlət vətəndaşının yardımına qoşduğu zaman böyükdür. Mən inanıram ki, bizim dövlətimiz böyükdür!