Bu gün:


"Heykəl hazırdır, ailəsi də baxıb, bəyənib, harada məsləhət görsələr, orda da ucaldılacaq”

Tarix: 14.07.2021 / 09:21  •   Oxundu: 166 dəfə  •  

“Tovuzda gedən döyüşlər hər bir azərbaycanlı kimi məni də çox təsirləndirmişdi. Məni əsas duyğulandıran hadisə Tovuzda gedən döyüşlərdə general-mayor Polad Həşimovun əsgərlərimizlə birgə döyüşüb, şəhid olması idi. Düşündüm ki, mütləq generalımızın büstünü hazırlamalıyam. Öncə gildən hazırladım, bu müddət 4 günə başa gəldi. Ondan əvvəl isə generalımız şəhid olanda mən kiçik ölçüdə eskizlər edirdim, xarakteri, büstün necə olub-olmamasını axtarırdım. Polad Həşimovun büstünü işləyib bitirəndən sonra düşündüyüm ilk iş şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamaq idi. Bir həftəyə başa gəldi barelyef. Artıq hər ikisini, büstü və barelyefi materiala çevirmişəm”.
 
Bunu heykəltəraş Təbriz Soltanlı deyib. O daha sonra əlavə edib.

“44 günlük müharibə, zəfərimiz bizə həm də yeni mövzular gətirdi. Əvvəl müxtəlif mövzulara müraciət edirdiksə, indi yalnız vətənpərvərlik mövzusu yaradıcılığımızda geniş yer alıb. Bizim də məqsədimiz onları əbədi tarixə həkk etməkdir. Düzdü, onsuz da onlar artıq tarixin bir parçasıdırlar. Bu il Azərbaycan Rəssamlıq Akademiyasını bitirdim və diplom işim olaraq isə yenə də general-mayor Polad Həşimovun heykəlini hazırladım. Akif müəllim və rektorumuz Ömər Eldarov Polad Həşimovun heykəlinin eskiz variantını çox bəyəndilər. 3 aydan çox vaxt sərf etmişəm bu heykələ. Heykəli ayaqüstə hazırladım və elə təsəvvür yaranır ki, Polad Həşimov haradasa indi iri addımlarıyla yeriyəcək. Təbii ki, hər bir heykəldə üz cizgiləri önəmlidir. Çalışdım ki, üz cizgilərini dəqiq verə bilim. Polad Həşimov üzü nurlu bir insan olduğu üçün onun üz cizgilərini hazırlayanda heç bir əziyyət çəkmədim. Heykəl artıq hazırdır, ailəsi də gəlib baxıb, bəyənib. Harada məsləhət görsələr orda da ucaldılacaq” - deyə Təbriz Soltanlı deyib.