Bu gün:


Bu gün Azərbaycanda Anım Günü qeyd olunur

Tarix: 27.09.2021 / 09:05  •   Oxundu: 88 dəfə  •  

Bu gün 44 günlük Vətən müharibəsində ölkəmizə zəfər bəxş edən 2907 şəhidimizin anım günüdür.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Bu vətən torpağı Mübarizlərin, Polad Həşimovon, İlqar Mirzəyevin, Əlif Hacıyevin, Çingizlərin, I və II Qarabağ müharibəsində şəhid olan bütün ölməz qəhrəmanlarımızın yadigarıdır.

Onlar heç vaxt unudulmayacaqlar. Şəhidlərimiz hər an qəlbimizdədir!