Bu gün:


Qarabağda son gün: Maşınlara atəş, şəhid və 6 erməni yaralı

Tarix: 15.10.2021 / 11:30  •   Oxundu: 221 dəfə  •  

Qarabağda, rus sülhməramlılarının arxasında gizlənən qanunsuz erməni birləşmələrinin teraktları artır: 13 oktyabrda Kəlbəcərə tikinti materialları aparan Azərbaycanın maşın karvanına atəş açmağa, 14 oktyabrda isə Ordumuzun əsgərini snayper atəşi ilə öldürməyə cəsarət edirlər.

Maşın karvanının atəşə tutulmasını artıq Rusiya MN də təsdiqləyib. Ən qəribəsi isə odur ki, tikinti materialları aparan yük maşınlarını rus sülhməramlıları müşayiət edirdi. Yəni rus sülhməramlılarının birbaşa iştirak etdiyi karvan atəşə tutulmuşdu.

Əsgərimizin şəhid olmasının ardınca rus sülhməramlılarının arxasında “mövqe” tutan erməni terrorçularının “postu”nda “daxili atışma” gözlənilən idi. Ermənistan MN-in məlumatına görə, postda cəmi-cümlətani elə 6 nəfər olub və onların hamısı yaralanıb, 2 nəfərin vəziyyəti isə ağırdır. Bildirilir ki, o “postdan” arxada daha 3 erməni terrorçusu olub, amma onlar xəsarət almayıb.

Azərbaycan MN-in dediyi kimi, qanunsuz erməni hərbi birliyinin əsgərləri arasında atışmamı olub, yoxsa Ermənistan MN-in iddia etdiyi kimi, 6 nəfərlik “postu” Azərbaycan Ordusu dağıdıb – bu, məsələnin ikinci tərəfidir. Əsas məqam odur ki, Rusiya MN “atəşkəsin bərpa edilməsi istiqamətində” rus sülhməramlılarının fəaliyyətinin müsbət nəticələndiyini açıqlayıb.

Qarabağda təmas xətti, atəşkəs, “tərəflər” yoxdur: Azərbaycan Ordusu 44 günlük müharibə zamanı bütün bu reallıqları darmadağın etdi və yeni reallıq yaratdı.

Ancaq yeni reallıqda köhnə ifadələr və deməli, köhnə “mövqeləri” qorumaqda maraqlı olanlar yeni qarşıdurma üçün ciddi şəkildə zəmin hazırlayırlar.

10 noyabr 2020-ci il bəyanatına görə, rus sülhməramlılarının yerləşməsi ilə erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxmalı idi. Aradan bir ilə yaxın zaman keçməsinə baxmayaraq, bu tələb icra edilmir və təəssüf ki, bəyanatın “şərhində” Rusiya da fərqli mövqe tutur.

Ermənistan baş naziri açıq şəkildə bildirir ki, əgər bəyanata imza atmasaydı, onda 20 mindən çox erməni əsgəri məhv ediləcəkdi, çünki onlar mühasirəyə düşmüşdü. O, etiraf da edir: bu bəyanata imza atmaqla 20 min əsgəri ordan çıxarmağa nail olduq.

Ancaq bir müddət öncə Rusiya liderinin erməni jurnalistin sualına verdiyi dolaşıq cavabda həmin qüvvələrin rus sülhməramlılarının arxasında yerləşməsi “əsaslandırılmışdı”. “10 noyabr bəyanatının 4-cü maddəsini Azərbaycan tərəfi erməni hərbi birliklərinin Qarabağdan tamamilə çıxması kimi şərh edir. Ermənistan isə bunun heç də belə olmadığını bildirir. Sizcə, 10 noyabr bəyanatında konkret nə nəzərdə tutulub” sualına cavab olaraq Putin uzun bir çıxış edib, hər şeydən öncə insan tələfatının qarşısının alınmasından danışmış və bildirmişdi ki, əsas məsələ “atəşkəs” əldə edilməsi idi. Bunun ardınca isə bəyanatın birinci bəndini xatırlatmışdı və demişdi ki, bu, sizin sualın cavabıdır.

Bəyanatın birinci bəndində göstərilir: “10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”.

Burda “tərəflər” tam dəqiq, aydın şəkildə, heç bir izaha ehtiyac olmayan formada verilir: “Tərəflər” - Azərbaycan və Ermənistandır.

Bu bənd Azərbaycanın diktə etdiyi məqamdır. Çünki keçmiş Dağlıq Qarabağın ərazisində olmuş bəzi torpaqlarımızı Ordumuz azad etmişdi və danışıqların başlamasına qədər Ordumuzun o ərazilərdən, xüsusilə Hadrut və Suqovuşandan geri çəkilməsi kimi gülünc bir təşəbbüslə çıxış edirdi Paşinyan. Bu bənd Ordumuzun dayandığı yerdən bir santimetr də geri çəkilməyəcəyinin təsdiqlənməsi idi.

O ki qaldı “tərəflər” məsələsində Ermənistanın adının göstərilməsinə, burda da manipulyasiyaya heç bir ehtiyac yoxdur: “Ermənistan tərəfi” - Ermənistan ordusudur. Beynəlxalq səviyyədə, o cümlədən Rusiyanın da tanıdığı Azərbaycan ərazilərində Ermənistan ordusunun tör-töküntüləri indiyə qədər nə gəzir?

Birinci bəndi misal göstərərək, növbəti mərhələ kimi 4-cü bəndin açıq-aydın tələbindən boyun qaçırmaq Azərbaycanın əsəblərini tarıma çəkmək deməkdir.

4-cü bənddə göstərilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Birinci bənd atəşkəsin əldə olunması, 4-cü bənd isə erməni ordusunun qırılmaqdan xilas edilmiş hissəsinin Azərbaycan ərazisindən çıxarılmasıdır.
Aradan aylar ötəndən sonra guya birinci bəndi misal gətirərək, Ermənistan ordusunun bölmələrinin Qarabağda qalmasına dolayısı haqq qazandırmaq siyasi riyakarlıqdan başqa bir şey deyil.

Bu azmış kimi, Rusiya MN müxtəlif vaxtlarda “dqr”i də tərəf kimi sırımağa, hətta Azərbaycan torpaqlarının adını saxtalaşdırılmış formada, ermənicə adlandırmağa davam edir.

Ermənistan MN və erməni mediası cidd-cəhdlə “tərəf” kimi Ermənistan ordusunu mümkün qədər hallandırmamağa, “dq əsgərləri” yazmağa çalışır və insident zamanı keçmiş, qondarma və separatçı-terrorçu qurumun “rəsmiləri” açıqlamalar verirlər. Məqsəd, əlbəttə ki, “tərəflərin” ikincisi sırasında Qarabağdakı bir ovuc separatçını göstərmək və yaxud ən azı buna cəhd etməkdir.

Bu isə ciddi fəsadlar törədir. Rus sülhməramlıları “tərəf” kimi Ermənistan ordusu ilə deyil, separatçılarla əlaqə qurur; Rusiya MN separatçı-terrorçularla “rəsmi” görüşlər keçirir; mülki maşın karvanına atəş açanın adı “Ermənistan tərəfi” olduğu açıq şəkildə göstərilmir və s.

Məqsəd Böyük Qələbənin siyasi nəticəsini mümkün qədər azaltmaqdır və addımbaşı buna edilən cəhdlər insidentlərə səbəb olur.

Fakt odur ki, rus sülhməramlılarının arxasında erməni separatizmini dəstəkləyən silahlı terrorçular himayə olunur və onların ərazimizdən rədd edilməsi istiqamətində addım atılmır. Buna görə də günün birində “post” adlandırdıqları yerdə cəmləşən əsgərlərin hamısı bir atəşlə göyə uçur.

Bu, Azərbaycanın xəbərdarlığıdır. 10 noyabr bəyanatının tələbləri yerinə yetirilməsə, o “post”ların hər birində erməni əsgərlər bir-birini güllələyəcək...