Feysbuk gələn həftə adını dəyişdirəcək
Tarix: 20.10.2021 / 08:37 •
Oxundu: 74 dəfə •
Feysbuk şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır.
İDEAL Media.az-ın məlumatına görə, bu barədə “Verge” portalı mənbəyə istinadən xəbər verir.
"Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır", - portalın saytında deyilir.
Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.
"Report" xatırladır ki, iyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının ciddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib, yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk, videokonfrans və ya "Oculus VR" qulaqlıqdan istifadə etməklə bağlana bilən virtual “Horrison Workrooms”u təqdim edib.
Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb.
Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.