Bu gün:


Abşeron Rayon Polis İdarəsində kurioz olay

Tarix: 31.05.2022 / 22:07  •   Oxundu: 848 dəfə  •  

Vətəndaş N.Məmmədov İDEAL-ın redaksiyasına şikayət edərək Abşeron rayon Polis İdarəsinin daxil olan vətəndaş müraciətinə başdansovdu yanaşmasını Daxili İşlər Nazirliyinin müsbət imicini yerə vuran bəzi məmurlardan gileylənmişdir.
Şikayətçi qeyd edir ki, 13 yanvar 2022-ci il tarixində Xırdalan şəhərində yerləşən Şuşa rayon məhkəməsində, Zal 1-də 2(077)-22/2021 saylı iş üzrə cavabdeh qismində məhkəmə iclasında iştirak edərkən iddiaçının əli ilə Azərbaycan qadınına, xüsusilə ali məktəb müəlliminə yaraşmayan, etik və əxlaq normalarına zidd olan ədəbsiz jestlər ilə işarələr etməsi və "Apellyasiyada bax bunu alarsan, hamısı öz adamlarımızdır" ifadəsini işlətməsi ilə həm Azərbaycan Respublikasında Qanunun aliliyi prinsipini ədalət məhkəməsi daxilində nümayişkaranə şəkildə ayaqlar altına atmış, eyni zamanda cavabdehin Konstitusiya ilə qorunan şərəf və ləyaqətini etik və ictimai davranış qaydalarını kobud surətdə pozaraq məhkəmə kameraları önündə onu alçaltmışdır.

Vətəndaş N.Məmmədov bununla bağlı 13.01.2022-ci ildə saat 13:02 radələrində Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək Rzayeva soyadlı xanım əməkdaşa ədalət məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, kameralar önündə, ictimai yerdə xuliqanlıq edən iddiaçı barədə şikayətini bildirmişdir. Daha sonra məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktubla müraciətlər etmişdir.

N.Məmmədov bildirir ki, müraciətləri bu günə kimi cavabsız qaldığı üçün özü şəxsən Abşeron Rayon Polis İdarəsinə gedərək şikayətinin taleyi ilə maraqlanmağa məcbur olmuşdur. 31.05.2022-ci il tarixində, saat 11:17 radələrində Abşeron Rayon Polis İdarəsinin Dəftərxanasında vətəndaş yuxarıda qeyd olunan işin mahiyyəti ilə bağlı dəftərxana əməkdaşı olan, kompyuter arxasında əyləşmiş xanıma məlumat verir və şikayətin taleyi ilə maraqlanır. Xanım əməkdaş vətəndaşa 21.02.2021-ci il tarixli (!), 128-12597 nömrəsi ilə qeydiyyatdan keçmiş, rəis müavini Elçin Rəcəbov tərəfindən imzalanmış məktub təqdim edir. Yəqin ki, oxuculara təsəvvür etmək çətindir. Ona görə də məktubun surətini əlavə edirik.


Beləliklə, 2022-ci il tarixli edilən şikayətlə bağlı Abşeron Rayon Polis İdarəsi vətəndaşa 2021-ci il tarixli məktub təqdim edir. Məktubda işin mahiyyəti ilə bağlı heç bir söz qeyd olunmayıb. Bilinmir söhbət nədən gedir. Axırda isə vətəndaşa tövsiyə olunur ki, məhkəməyə (!) müraciət etsin. Vətəndaş soruşur ki, ictimai yerdə xuliqanlıq hadisəsi baş vermişdir. Özü də Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Elektron məhkəmə" sistemi ilə bütün proseslərin videoqeydiyyatı aparılan bir zalda!

Bu zaman gözlük taxmış kişi dəftərxana əməkdaşı əsəbi şəkildə bildirir ki, sizin işinizə sahə müvəkkili Sərxan Həsənov baxmışdır. Gedin nə sözünüz var ona deyin. Sahə müvəkkilini isə tapmaq mümkün olmadı. Dedilər ki, sahədədir. Doğrudan da kurioz bir olay yaşanır. Sahə müvəkkili öz səlahiyyətlətləri çərçivəsində hansı araşdırmanı apararaq qənaətə gəlmişdir ki, vətəndaşın bu şikayəti mülki ittihama aid edilir?!

Onun bu araşdırmasını Abşeron Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov kəmali-ədəblə öz imzası ilə təsdiq etmişdir.

Mövzu diqqətimizdədir. Hadisələrin sonrakı inkişafı ilə bağlı oxucularımızı müfəssəl məlumatlandıracağıq.

Polad Musayev