Bu gün:


Ermənistanla Azərbaycan bu tarixdə sülh sazişi imzalaya bilər

Tarix: 23.10.2021 / 08:40  •   Oxundu: 110 dəfə  •  

9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacaqlar.
 
Bu barədə “Aliq Media” “etibarlı diplomatik mənbələrə” istinadən xəbər verir.
 
Diplomatik mənbələrə istinadən olunan xəbərdə iddia edilir ki, “son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan iki sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq”.
 
Həmin sənədlərin aşağıdakılar olduğu bildirilib:
 
1. Birinci sənəd SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci illərə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıdığı Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir.
 
2. Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə olunduğu ikinci sənəd regionda kommunikasiyaların açılmasına aiddir: dəhliz yolları, o cümlədən Azərbaycanla Naxçıvan arasında rabitənin yaradılması.
 
Ermənistan mətbuatı iddia edib ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. “2020-ci ilin həmin günündə (Azərbaycan vaxtı ilə 10 noyabrda-red) Ermənistanın baş naziri və Azərbaycan prezidenti Rusiya prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”.
 
Xəbəri şərh edən siyasi ekspert Asif Nərimanlı bildirib ki, müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil:
 
“Proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır; kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir;
 
Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir: 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür”.