Bu gün:


Ölkə rəhbərliyini şəxsi biznesinə alət edən icra məmuru

Tarix: 17.03.2023 / 18:32  •   Oxundu: 226 dəfə  •  

Bəzi yaşlı məmurların vətəndaşları incitməsi, onlarla qul kimi davranması, əmr tonunda danışması onların dövlətə olan inamını sarsıdır, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və cəmiyyətdə bərqərar olan sosial sabitliyə pozucu təsir göstərir. Təsəvvür edin ki bu şəxslər bir gün, bir ay hətta bir il belə qanunsuz hərəkətlərinə hüquqi don geyindirməkdən çəkinib vicdanla xalqına xidmət edə bilmirlər. Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bu insanların vicdanı olsa, heç olmasa o şəxsiyyətin hörməti naminə 2023-cü ili vicdanla xalqına xidmət etməklə sakitləşdirə bilərdilər. Amma biz bunun əksini görürük. Onlar daha da azğınlaşmışlar.

Son günlər Şuşa rayon İcra və Probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun at oynatması, dövlətin ona verdiyi imtiyazları üstlənib hakimiyyətin onu verdiyi resurslardan öz şəxsi mənfəəti üçün geninə-boluna istifadə etməsi adi hal almışdır. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Vaqif Hüseynovun iş saatı bəlli deyil. Şöbəyə gələn vətəndaşlara Vaqif Hüseynovun tanışlıqla götürdüyü və hüquqla heç bir əlaqəsi olmadığı halda ədliyyə sistemində işə qəbul edib hər ay "paket" verdiyi xanım köməkçisi (xanımın hansı məmurun qohumu olması barədə növbəti sayımızda "Qınından qopmuş qılınclar kimə siyrilib? Elit təbəqə?" başlıqlı məqalədə bəhs olunacaqdır) "Özünə zəng etmisiniz? Birazdan gələcək", "dövlət tədbirindədir" kimi cavablar verir. Doğrudanmı ədliyyə sistemində çalışan icra məmurları hər gün işə gecikəndə adını "dövlət tədbirində idim" qoymaqla dövlətin nüfuzuna xələl gətirdiyini düşünmürlər? Vətəndaşları qapısının ağzında saatlarla gözlədən, dövlətin maliyyələşdirdiyi binanın otaqlarını tanışlarına ofis kimi icarəyə verən, yanına aliment üçün gələn xanımlara "Nənə, sən mənə ərizəni yaz ver, gədənin dərisini soyum, niyə gedib iş axtarasan ki, iki uşağın üçün bir kişinin maaşını alacaqsan, daha nə istəyirsən" formasında "hüquqi" məsləhətlər verən, rəsmi iş yeri olmayıb aylıq ödənişlərində güzəştlər istəyən kişilərə isə "həbsə girəcəksən, Prezident şəxsən nəzarət edir, sistemə vurururuq, müdaxilə etmək mümkün deyil" ibarələri ilə Prezidenti öz iş üslubuna alət edən Vaqif Hüseynov belə diribaş məmurlardandır.

Ədliyyə müşaviri statusu ilə kifayətlənməyib kommersiya fəaliyyəti göstərməklə Azərbaycan qanunvericiliyinə "tüpürən" Vaqif Hüseynovun övladlarının və Mənzil İstismar Sahəsində işləyən qohumlarının qanunsuz fəaliyyətləri barədə də yuxarıda qeyd olunan məqalədə geniş bəhs olunması nəzərdə tutulur.

 

Cavid Camal