Bu gün:


Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - AÇIQLAMA

Tarix: 05.02.2024 / 11:32  •   Oxundu: 83 dəfə  •  

İş həftəsinin 4 günə endirilməsi Avropadan ABŞ və Asiyaya qədər bir çox ölkənin gündəmindədir. 4 günlük iş rejimi rəqəmsallaşma və qloballaşma ilə səciyyələnən yeni nizamda isçilərə şərait yaradan bir çox üstünlüklər təqdim edir. Bu yeni konsepsiya o cümlədən vaxtın səmərəli keçməsinə xidmət edir. Bəs Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?
Məsələ ilə bağlı, Milli Məclisin deputatı Müşfiq Cəfərov İDEAL-a açıqlamasında bildirib ki, Avropa ölkələrinin bəzilərində 4 günlük iş sistemi mexanizmi tanınsa da, insanlar bu yeniliklə elə də razılaşmırlar:
"Əslində hələ tam şəkildə 4 günlük iş qrafiki tətbiq olunan ölkə yoxdu. Beləki, işçilər və işəgötürənlə razılaşdıqları təqdirdə iş həftəsini 5 gün əvəzinə 4 gündə tamamlaya bilərlər. Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə bilərlər. Hazırda dünyada yeni olan bu iş qrafiki demək olarki, heç 1 faiz işçini belə əhatə etmir. Bir sözlə bu tətbiq gözlənildiyi kimi rəğbətlə qarşılanmadı. Mən deyərdim ki, əslində burada məqsəd hamının 4 gün işləmək məcburiyyətində qalmasını təmin etmək deyil, bunu bir seçim kimi təklif etməkdir. Yəni bu praktika işçilərin və işəgötürənlərin öz ixtiyarındadır".
Deputat düşünür ki, hazırda Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsindən çox əmək bazarında vacib bir sıra islahatların keçirilməsi daha vacibdir:
"Azərbaycan əmək bazarında işçilərin tam olaraq rəsmi əmək müqaviləsi ilə çalışması, əmək müqavilələrində ödənilən əmək haqqı məbləğlərinin tam göstərilməsi kimi vacib məsələlər mövcuddur. 4 günlük iş rejiminə keçid iş sahələrinin xarakterindən asılı olaraq, əmək məhsulldarlığına müxtəlif cür təsir edəcəkdir.Bu səbəbdən müəyyən sahələrdə özünü doğrultsa da, bir çox vacib sahədə məhsuldarlığa əks təsir edə bilər".