Bu gün:


Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları görüşdü

Tarix: 23.09.2021 / 17:31  •   Oxundu: 75 dəfə  •  

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək son 9 ay ərzində Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib.

Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunan Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə törədilən hüquqpozmalara dair məlumatların mübadiləsi, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Kamran Əliyev 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.

Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti diqqətə çatdırılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.