Bu gün:


Feministlərdən Femidaya qarşı ənənəvi saxtakarlıq

Tarix: 11.09.2021 / 20:30  •   Oxundu: 484 dəfə  •  

"Ideal Media Group"-un araşdırmaları nəticəsində məlum olmuşdur ki, 2017-ci ilin may ayında faktiki nikah və toy mərasimi baş tutan Sultan Əfəndiyevin (ad və soyad şərtidir) nikahı əslində 2016-cı ilin dekabr ayının 9-da qeydiyyata alınıbmış. Qeydiyyatı həyata keçirən məsul şəxs isə Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova yox, məhz həmin orqanda məsləhətçi vəzifəsi tutan Əmri Bağırlının imzası ilə olmuşdur. Adı çəkilən şöbənin rəisi İlahə Ələsgərova iddia edir ki, qeyd edilən tarixdə o məzuniyyətdə olmuşdur. Amma məzuniyyətdə olarkən İlahə xanım Ələsgərovanın öz səlahiyyətlərini Əmri Bağırlıya həvalə etməsi ilə bağlı heç bir rəsmi zəruri sənəd şöbənin dəftərxanasından qeydiyyatdan keçməmişdir. Bu onu deməyə əsas verir ki, İ.Ələsgərova "məzuniyyətə" çıxmış olsa da Yasamal rayon Qeydiyyat şöbəsində faktiki olaraq "fəaliyyət" göstərmişdir, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını isə Əlinin yox, Məmmədvəlinin başına qoymuşdur. İndi isə tutduğu bu qanunsuz əməlin girdabında çabalamaqdadır.
 
Vətəndaşın şikayətindən məlum olur ki, Sultan Əfəndiyevlə Kəmalə Xudaverdiyevanın (ad və soyadlar şərtidir) birgə nikahını sonuncunun qardaşı Ömər Xudaverdiyev Yasamal rayon Qeydiyyat şöbəsi ilə birlikdə saxtalaşdıraraq bir il əvvəlki tarixdə rəsmiləşdirməklə nikah haqqında şəhadətnamə tərtib etmişlər. 
 
Sultan Əfəndiyev qeyd edir ki, onun toy mərasimi baş tutmamışdan əvvəl Kəmalə Xudaverdiyevanın xalası ondan şəxsiyyət vəsiqəsini və yazılı surətdə məktub və imza nümunəsini almışdır. Bunu onunla izah etmişdir ki, ata Xudaverdiyev gələcək kürəkəninin kim olduğunu bilmək, onun yazı xəttindən necə bir insan olduğunu müəyyən etmək istəmişdir. Sultan Əfəndiyev deyir ki, onun şəxsiyyət vəsiqəsi bir müddət Xudaverdiyevlərdə qalmışdır və indi bu vəsiqə köməyi ilə onun adından daha hansısa maxinasiyaların törədilmiş olmasından çox narahatdır.
 
Sultan Əfəndiyev onu da əlavə etmişdir ki, Xudaverdiyevlər Xırdalan şəhərində tanışları Əmirova Samirə Şirxan qızının öz bahalı və tam təmirli mənzilini satışa çıxardığını xəbər verərək, bu mənzili ipotekaya götürməyi ona təklif etmişlər. Sultan Əfəndiyev deyir ki, güzəştli sosial statusa malik olduğu üçün ipoteka ona 4% ilə verildiyi üçün ondan istifadə edilib. Sultan Əfəndiyev 20.000 manat ilkin ödəniş etməklə 2017-ci ilin mart ayında alqı-satqı və ipoteka müqaviləsi imzalayır. Lakin sonradan məlum olur ki, Kəmalə Xudaverdiyevanın yaşı ipoteka əldə etmək üçün gənc ailə kateqoriyasına şamil olunmur. Çünki ümummilli liderimiz H.Əliyevin imzaladığı Gənclər siyasəti haqqında qanunda göstərilmişdir ki "gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailədir". Belə olduqda Xudaverdiyevlər ASAN xidmətdə şöbə müdiri işləyən qohumunun, həmçinin sözügedən ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda məsul vəzifə tutan tanışları (bu barədə araşdırmalarımız davam edir) vasitəsilə Yasamal rayon Qeydiyyat şöbəsinin rəhbərliyi ilə əlaqəyə girib 258 nömrə altında qeydiyyatdan keçdiyini göstərən 09.12.2016-cı il tarixinə aid nikah şəhadətnaməsi tərtib etmişlər.
 
İkinci nikah haqqında şəhadətnamə isə 19.05.2017-ci ildə "Altun saray" şadlıq evində baş tutan toy məclislərində Yasamal rayon Qeydiyyat şöbəsinin əməkdaşları tərəfindən cütlüyə təqdim olunmuşdur. Sultan Əfəndiyev qeyd edir ki, nikah haqqında şəhadətnaməni saxta olub-olmadığını yoxlamaq o vaxt onun ağlına gəlmədiyi üçün heç vaxt həmin sənədlə yaxından tanıış olmamışdır. Yalnız ona qarşı məhkəmə iddiaları qaldırılandan sonra bütün bu saxtakarlıqlar üzə çıxmışdır.
 
19.05.2017-ci ildə "Altun saray" şadlıq evində baş tutan toy məclisində cütlüyün nikah qeydiyyatını aparan dövlət məmurunun kimliyi barədə Yasamal rayon Qeydiyyat şöbəsinə ünvanladığımız sorğu bu günə kimi cavabsız qoyulub.
 
Əjdərbəy məscidində kəbin biznesi
 
Sultan Əfəndiyev bildirir ki, onun dini nikahı da özünün və şahidlərinin iştirakı olmadan kəsilmişdir ki, bu da İslam dininə ziddir. İslam hüququna əsasən, kəbinin kəsilməsi üçün hər iki tərəfdən mütləq şahidlər iştirak etməli, şahidlərin olmadığı təqdirdə isə qızın atası bu nikaha razı olduğunu fiziki surətdə ifadə etməlidir. Şəriət qaydalarına əks şəkildə kəsilən belə kəbinlər İslamda batil hesab olunur. Lakin özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi qələmə verən Ömər Xudaverdiyev Əjdərbəy məscidi kimi tanınan Göy məscidin axundundan möhür vurulmuş kəbin şəhadətnaməsi də əldə etmişdir. Bütün bu sənədlər isə ondan həmişə gizlədilmişdir. 2018-ci ilin aprelindən evə buraxılmadığı üçün Sultan Əfəndiyevin dövlət tərəfindən ona verilmiş bütün zəruri sənədləri, şəxsi və qiymətli əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17, mənzil 16 ünvanında yerləşən mənzilində bu günə qədər girov kimi saxlanılmaqdadır.
 
Sultan Əfəndiyev, yuxarıda da qeyd edildiyi kimi, nikah tarixinin saxtalaşdırıldığını ona qarşı qaldırılan məhkəmə iddiasını oxuyarkən şahid olmuşdur. Müvafiq dövlət orqanına ünvanladığı müraciətlər isə Xudaverdiyevlərin dövlət vəzifəsi tutan qohumları və tanışları köməyi ilə sabotaj olunmuş və Ömər Xudaverdiyevin Daxili İşlər Nazirliyinin əməkdaşı olmaması əsas gətirilməklə müraciətləri öz həllini tapmamışdır. Onda belə çıxır ki, Ömər Xudaverdiyev bütün bu qanunsuzluqları özünü polis əməkdaşı kimi təqdim edərək, Daxili İşlər Nazirliyinin nüfuzuna xələl gətirməklə, onların adından sui-istifadə etməklə törədib.
 
Mövcud qanunu saymayıb yenidən qanun yazanlar
 
Sultan Əfəndiyev ona görə məhz "Ideal Media Group"-a başına gətirilən qanunsuzluqlara bağlı müraciət etməyi qərara almışdır ki, buna səbəb, onun iş yerində baş vermiş qanunsuzluqlara bağlı cinayət məsuliyyətinə cəlb olunmuş Dürdanə Əliyevanın adının Xudaverdiyevlərlə birgə qanunsuz əməllərdə hallanmasını, oxşar ssenarinin onun da başına gətirilmiş olduğunu dərc olunmuş xəbərlər içində görməsi olub.
 
Sultan Əfəndiyevin müraciəti əsasında "Ideal Media Group"-un Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanladığı müraciətinə baxılmasında isə tərəfkeşlik nümayiş etdirilir. İşi obyektiv araşdırmaq əvəzinə özünü Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərovanın vəkili kimi aparan, özünü Ədliyyə nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi kimi təqdim edən və bu işin araşdırılmasına məsul edildiyini bildirən Firuzə xanım Nəbiyeva əvvəlcə "Ideal Media Group"-a zəng edərək bu müraciətin qanunsuz olduğunu, ailə sirri təşkil etdiyini bəhanə gətirmişdir. Görünür Firuzə xanım İlahə xanım və Rəvanə xanımla isti münasibətlərini pozmaq istəmədiyi və Xudaverdiyevlərin vədi müqabilində bu işi ört-basdır edə biləcəyini düşünür, çatışmayan zəruri sənədləşmə işlərini müvafiq dövlət orqanlarından tapıb əlavə (bərpa) edir, İpoteka və Kredit Zəmanət Fondundan, ASAN xidmətdən, Respublika Diaqnostika Mərkəzindən əldə etməklə hər şeyi qanuni şəklə salmağa çalışır. Bir sözlə, bütün bu dövlət strukturları haızrda Xudaverdiyevlərin saxtakarlığını ört-basdır etmək üçün səfərbər edilmişdir.
 
Ədalət sizin mülklərinizin təməli deyil
 
Firuzə xanıma xatırlatmaq istəyirik ki, onun bu istiqamətdə apardığı, araşdırdığı, cavabladığı, gördüyü hər bir iş eyni zamanda hüququn, dövlətin adına yazılır və şəxsi yox, ictimai əhəmiyyət daşıyır. Buna görə də bütün fəaliyyətində atdığı hər bir addımda tanışlıq əlaqələrini və şəxsi korporativ maraqlarını yox, qanunu rəhbər tutmalıdır.
 
İlahə xanım, sualdan yayınmaq üçün məcəllədən sitat gətirir, məsələnin mahiyyətinə varmadan vətəndaşı başdan eləmək üçün şablon cümlələrdən istifadə edir. Amma rəis xanım Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin V hissəsi ilə tanış olsa, onda görər ki, hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
 
Nəzərə alsaq ki, xanım İlahə Ələsgərovanın 02.09.2021-ci il tarixli, 05/76351205/15 saylı absurd məktubunun mahiyyətindən asılı olmayaraq bizim ünvanladığımız sorğu məhz ailənin əsas üzvlərindən birin müraciəti əsasında göndərilmişdir. Başqa mövqedən çıxış etsə idik sizə sorğu verməz və şikayəti dərhal dərc edərdik. Lakin dövlətçilik ideallarını nəzərə alıb bu kimi məqamları gözləməyi özümüzə borc bildik.
 
Eyni zamanda qanunverici təsisastın əmkdaşları olan Firuzə və İlahə xanımların diqqətinə onu da çatdırırıq ki Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv surətdə yazılı müraciət göndərmək hüququ vardır. Hər bir müraciətə qanunda nəzərdə tutulmuş qaydada yazılı surətdə cavab verilməlidir.
 
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunundan
 
Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri
 
Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə  və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətlərinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qyadada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.
 
Maddə 7. Müraciətlərə baxılması qaydası.
 
Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslərin müraciətində irəli sürüləın məsələrin həlli onarın səlahiyyətinə aid olmadıqda, onları 5 gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etməli olduğunu izah edir.
 
Müraciəti qəbul etməkdən imtina qadağandır. Məlumatın verilməsi barədə müraciət baxılmağa qəbul olunarkən müraciət edəndən həmin məlumatın əldə edilməsinin zəruriliyini əsaslandırmağı tələb etmək qadağandır.
 
Vətəndaşların şikayətlərini baxılmaq üçün qanunazidd hərəkətlərdən (hərəkətsizlikdən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.
 
Hörmətli baş məsləhətçi Firuzə xanımın diqqətinə çatdırırıq ki, onun Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərovaya vəkillik etməsi də bir çox mətləblərdən xəbər verir və bu, qanunla qadağandır. Digər qadağalar və mətləblər barədə bizi izləməyə davam edin.
 
Cavid Camal